Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Abidələr və Tarixi Yerlər Günü münasibətilə “dəyirmi masa” təşkil edib.
AZƏRTAC xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycanın Ermənistan silahli qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə tarixi-mədəniyyət abidələrin məhv edildiyini qeyd edən V.Əlibəyov işğalçı ermənistandan fərqli olaraq, Bakıda erməni kilsəsinin bərpa etdiyini nəzərə çatdırıb.
İkinci Dünya müharibəsində tarixi abidələrə toxunulmadığını xatırladan natiq ermənilərin Azərbaycanın tarixi abidələrini dünyaya öz abidələri kimi təqdim etdiklərini söyləyib.
Azərbaycan Turizm İnstitutunun dosenti Minəxanım Əsədova Azərbaycanda 6308 tarixi abidə olduğunu, bunların 2034-nün ölkə, 65-nin dünya, qalanının yerli əhəmiyyət daşıdığını nəzərə çatdırıb.
“Dəyirmi masa” iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib.