Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015" superturnirinə start verilib. İlk gün açılış mərasimi ilə əlamətdar olub.

Əvvəlcə ötən turnirdən hazırlanan xüsusi videoçarx nümayiş olunub. Ardınca rəsmi hissədə çıxış edən natiqlər Vüqar Həşimovun Azərbaycan şahmatında unudulmaz izlər qoyduğu və bu cür nüfuzlu turnirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Daha sonra Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənovun iştirakı ilə püşkatma mərasimi baş tutub. Sonda  bədii hissədə əməkdar artist Tünzalə Ağayeva öz ifası ilə açılış mərasiminə yekun vurub.

Turnirdə iştirak edən şahmatçılar jurnalistlərlə birgə mətbuat konfransında bir araya gəliblər. Burada iti zəka sahibləri mətbuat nümayəndələnin suallarını cavablandırıblar.

Bildirək ki, superturnirdə 10 şahmatçı zəkasını yoxlayacaq. Yarışda dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, o cümlədən Fabiano Karuana, Uesli So, Maksim Vaşye Laqrav, Aniş Qri, Maykl Adams, həmçinin azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və son ölkə birinciliyinin qalibi Rauf Məmmədov rəqiblərini mat eyməyə çalışacaqlar.

Milli.Az