Azərbaycan, Bakı, 16 aprel /Trend/

Aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə bildiriblər ki, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.

İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az