Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 19-da növbəti sınaq imtahanı keçirəcək.

ANS PRESS-in komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda baş tutacaq. Ümumilikdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında 67 binada təşkil olunacaq.

Sınaqda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48049 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
Mənbə
ANS PRESS