Günel Mövlud
O vaxt biz Rusiyada yaşayırdıq. Atam Amur vilayətinə, beşillik müqavilə ilə işləmək üçün köçəndə bizi də özü ilə aparmışdı (məncə, bizim üçün darıxacağından deyil, yad eldə tək yaşamağın məişət narahatlıqlarına səbəb olacağını bildiyindən).
Rus dilini bilmirdim, buna görə dostlarım da yox idi. Əllərində çiçək, saçlarında gül-çiçək çələngi olan balaca, sarışın rus qızları mənnən danışmaq, oynamaq istəsələr də, dillərini bilmədiyimdən onlarla oynaya bilmirdim. Ağlayıb, yalvardım ki, mənə heç olmasa, bir it tapsınlar. Guya dəhşət təmizkar olan valideynlərim iti bir şərtlə gətirdilər – onu həyətdə saxlayacam, evin içinə buraxmayacam. Razılaşdım. Və ilk dostum – bədənində uzun, narıncı tükləri olan küçüyü evimizə gətirdilər. Adını Dinqa qoydum. Vurğu mütləq birinci hecaya düşürdü. Niyəsi yadımda deyil…
Yay uzunu hər şey rahat idi, itlə həyətdə, kəndin bir tərəfindən başlayaraq, göz işlədikcə uzanıb-gedən, böyüklüyü və təmizliyi ilə insana uşaq vaxtı belə hiss elədiyim bir qürur, arxayınlıq verən rus meşəsində oynayırdıq. Amma sonra qış gəldi. Vilayətdə havalar elə soyudu, elə bir şaxta düşdü ki, həyətlərdəki “kaçalka”lardan su vurmaq üçün əvvəlcə krantların altında ocaq qalayır, düz krantın ağzına qədər qalxan buzu əridir, “kaçalka”nın içinə vedrə-vedrə qaynar su tökürdük. Bizim əziyyətimiz bununla da qurtarırdı, suyumuzu götürəndən sonra iri rus sobaların qızdırdığı isti evlərə çəkilirdik. Amma Dinqa qarlı-çovğulu həyətdə qalırdı.
Valideynlərim səhər tezdəndən oyanıb, işə gedirdilər. Onlar evdən çıxandan sonra Dinqanı evə gətirirdim. Şaxtalı havadan isti evə keçən itin canına bir az isti keçən kimi şənlənirdi, sevinə-sevinə mənnən oynayırdı. Qaba yemək çəkirdim, ikimiz də eyni qabdan yeyirdik. Sonra Dinqanı evdə qoyub, dərsə gedirdim. Kəndin aralığındakı gölməçələr buz bağlayırdı. Buz elə bərk olurdu ki, o buzların üstü ilə tullana-tullana gedirdim məktəbə.
Dərsdən qayıdandan sonra yenə itlə oynayırdıq, yemək yeyirdik, sobanın qırağında uzanıb, yatırdıq. Və mən balaca ürəyimdə bu axşam valideynlərimin evə gəlməyəcəklərinə bağlı bir ümid yaşadırdım. Yəqin ki, elə Dinqa da bunu özünün balaca it ürəyi ilə arzulayırdı. Çünki axşamüstu, atamgilin işdən gəlməyinə yarım saat qalmış Dinqanı həyətə çıxarmalı olurdum.
Dünyada elə bir uşaq tapılmazdı ki, valediynlərinin evə gəlməyindən bu qədər məyus olsun, qanı belə qaralsın. Onlarla könülsüz, candərdi axşam yeməyi yeyirdim. Ağlım Dinqada qala-qala dərs oxuyurdum. Gecə isti yatağa uzandan sonra saatlarla yerimdə qurcuxurdum. Yata bilmirdim - Dinqaya çox yazığım gəlirdi. Bircə şey məni azca sakitləşdirirdi. Axı bilirdim, itlərin bədəni adam bədəni kimi deyil, çox tüklüdü. Ona görə də, itlər soyuqda adamlar qədər çox üşüməzlər. Bunu fikirləşəndə sevinirdim.
İki ay keçdi. Sonra bir gün Dinqanı evə buraxdığımı görən azərbaycanlı qonşumuz bunu valideynlərimə xəbər verdi. Atamgil məni babat şapalaqlayandan sonra, gündüzlər evdə qalmağımı qadağan elədilər. Bundan sonra mən dərsdən birbaşa həmin xəbərçi qonşumuzgilə gəlməli, atamgili onların evində gözləməli idim. Dinqayla da ancaq həyətdə, qarda-soyuqda oynaya bilərdim.
Bir-iki həftə Dinqa ilə ikimiz it zülmü çəkdik (o sözün həqiqi, mən məcazi mənasında). Bir gün səhər gölməçələrin üstü il tullana-tulana dərsə gedəndə ayağımı basdığım buz qatı cadarlanıb, sındı. Ayağım az qala dizə qədər soyuq suya batsa da, sevindiyimdən az qala ağladım: deməli, havalar isinirdi. Dinqa da daha üşüməyəcəkdi. Və biz onunla istidə, doyunca oynaya biləcəkdik.
Üç il belə davam elədi. Hər qış gecələr yatağımda itlərin bədənlərində uzun tüklər olmasına sevinə-sevinə yatırdım. Hər yazın gəlişinə dəli kimi sevinirdim. Hər axşamüstü atamgilin evə gəlməyindən qanım it qanına dönürdü və hər qış məni pusub, iti evə salıb-salmadığımı öyrənmək istəyən qonşumuzu rus dilində söyürdüm (qadın neçə il orada qalsa da, rus dilini bir damcı da öyrənə bilməmişdi).
Üç ildən sonra biz Azərbaycana qayıtdıq. Valideynlərimə yalvardım ki, Dinqanı özümüzlə gətirək. Amma Rusiyadan özləri ilə it gətirməyi düşüklük hesab eləyən valideynlərim razı olmadı.
Biz köç maşınına minib, rayon mərkəzinə yola düşəndə Dinqa hürə-hürə kilometrlərlə maşının arxasınca qaçdı. Axırda dili ağzından bir qarış sallanan it yıxılıb, yolda qaldı. Maşınımız uzaqlaşdı, Dinqa uzanıb, qaldığı yolda get-gedə balacalaşdı, sonda narıncı bir nöqtəyə dönüb, gözdən itdi. Ağladım – biz Rusiyadan kəndimizə Dinqanı yox, həmin xəbərçi qonşumuzu gətirirdik…
O vaxtdan on səkkiz il keçib.
On səkkiz ildir, valideynlərim qapıdan içəri girəndə qanım qaralır…
On səkkiz ildir, yazın gəlməyinə, havaların qızmağına uşaq kimi sevinirəm.
On səkkiz ildir, dünyada it bədənində uzun, sıx tüklərin olmasının gətirdiyi sevincdən daha işıqlı bir hissin olduğuna inana bilmirəm.
On səkkiz ildir, uzağa baxanda gözümə narıncı bir nöqtə dəyir: Dinqa!
Dinqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50