Bakı, 16 aprel, AZƏRTAC
Səttar Bəhlulzadənin ev-muzeyində 15 aprel - Beynəlxalq Mədəniyyət gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Səttar Bəhlulzadənin ev-muzeyi və Əmircan qəsəbə Mədəniyyət evi ilə birgə təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, mədəniyyət evinin direktoru Afaq Bayramova mədəniyyət gününün qeyd olunma tarixi haqqında məlumat verib, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsindən söhbət açıb.
S.Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, rəssamın ailə üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova bugünkü tədbirin xalq rəssamı Səttar Bəhlulzadənin evində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, görkəmli rəssamın Azərbaycan və dünya mədəniyyəti xəzinəsini zənginləşdirən geniş yaradıcılığından danışıb.
Tədbirdən sonra qonaqlar ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.