Bu gün Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə layihəsi müzakirə edilib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka)  qondarma “erməni soyqırımının” 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir “soyqırımın baş verdiyini” söyləyiblər.  Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.
 
Fransalı avroparlamentar Jan-Mari Kavada isə daha irəli gedərək, Türkiyənin prezidentini “100 il öncə qətlə yetirilmiş ermənilərin ruhu qarşısında baş əyməyə” çağırıb. Çıxış edən bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi isə Roma Papasının da “erməni soyqırımı” ifadəsini işlətməsi olub.
 
Ümumiyyətlə, bu gün keçirilmiş iclasda zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyib.

Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında “soyqırım” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, “soyqırım” məsələsinin çox həssas olduğunu deyərək, AB-nə üzv ölkələri arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.
 
Qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.
 
Qeyd edək ki, qəbul olunmuş qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini “soyqırım” adlandırmasına cavab verib.
 
"Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.
 
Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.