“Dünən “Park Bulvar” və “28 Mall”da aksiya keçirdik. Əlbəttə ki, aksiyanın bəhrəsini gördük. Azarkeşlər bugünkü matça az gələ bilərlər. Amma ola bilsin, bu, hava ilə bağlıdı. Digər səbəbi isə matçın bazar ertəsinə təyin olunmasıdı. Çalışacağıq ki, gələcək oyunlarımız şənbə və bazar günləri keçirilsin”. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” - “İnter” matçının fasiləsində jurnalistlərə açıqlama verən Bağırzadə tribunalarda az azarkeşin olmasını belə izah edib: “Bura gələn 2 əsas yol var ki, onlar da bağlı idi. Biz özümüz stadiona 2 saata gəlib çatmışıq. Bu cür çətinliklər var. Əgər “Neftçi” yayda avrokuboka qatılsa, azarkeşlər mütləq gələcək. Bu sahədə işlər gedir, hamısını açıqlayıb deyə bilmərəm. Mən bunu açıqlasam, digər klub nümayəndələri oxuyub öyrənəcəklər. Biz ilk aksiyaya başladıq, 1300 bilet payladıq. Yenə müxtəlif aksiyalar keçirəcəyik. Həm 8-ci km, həm də ətraf yerlərdə işlər gedir. Birinci aksiyanı mərkəzdə etməkdə məqsədimiz o idi ki, yoxlayaq, görək, necə alınır?”

Milli.Az