Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (24-cü) təqdim edir.

Müğənni Sevda Əliqızı şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Açığı, xəbərin başlığını oxuyanda elə bildim ki, söhbət hansısa gənc sənətçidən gedir. Amma sonradan məlum oldu ki, bu fikirlər 54 yaşlı Sevda Əliqızına məxsus imiş. Deyir ki, iki dəfə ailəli olmuşam, ikisi də uğursuz alınıb. Hətta birinci evlilik çox qısa çəkib - iki ay:

“Öz bibim oğlu ilə evli olmuşam. İki aydan sonra ayrılmışıq. İkinci evliliyim isə uzun çəkib. Biz ailə quranda üzərimizdə çox nəzərlər vardı. Hamı həsəd aparırdı ki, bizim də Sevda xanımınkı kimi ailəmiz olaydı. Çox gözəl ailəmiz vardı. Xəyanət ucbatından ayrıldıq. Üçüncü dəfə ərə getmək barədə düşünmürəm. Heç kim istəməz ki, ailəsi dağılsın”.

Ola bilər ki, Əliqızı iki ay evliliyin sənət adamları arasında rekord olduğunu düşünür və ona görə bu fikirləri səsləndirib. Amma əldə etdiyim statistik məlumatlara görə, şou aləmində bu rekord model və aktrisa Esya xanıma aiddir. Yadınızdadırsa, bir zamanlar “Bacanaqlar” serialının yaddaqalan simalarından olan bu xanım cəmi səkkiz gün ailəli olmuşdu.

Vüqar Muradovun Moskvada döyülməsi məsələsi ötən həftənin də gündəmindəydi. Sənətçinin dediyinə görə, artıq onu döyənlərdən biri həbs olunub. Sənətçi bu açıqlamanı təxminən 5 gün əvvəl verib və bildirib ki, 3-4 günə yeni məlumatlar olacaq. Amma hələ ki, bir xəbər yoxdur. Görünür, işin içində elə qaranlıq məqamlar var ki, Muradov bu barədə mətbuata danışmaq istəməyib. Ya da ittiham etdiyi şəxslərin günahsız olduğunu bilərək danışmaqdan çəkinib.

Əməkdar artist Zöhrə Abdullayevanın kişi pərəstişkarlarının sayı daha da artsa, təəccüblənmərəm. Çünki xanım sənətçi açıq şəkildə çoxarvadlılığı dəstəklədiyini bildirib. Amma bir şərtlə ki, kişinin maddi durumu buna imkan verə. Deyirəm, biz də peşə seçdik də - jurnalistika. Ayın bu başından o başına sürünə-sürünə çatırıq. Sitat:

“Kişi imkanı dairəsində çoxarvadlı ola bilər. Onsuz da hamımız bilirik ki, kişilər kənarda bir neçə sevgi yaşayırlar. Onların qəlbinin hər küncündə bir xanım dayanır. Amma aralarında biri olur ki, ona xüsusi önəm verirlər. Əgər kişinin bir qadından qəlbi sınırsa, ona heç vaxt geri dönmür. Güclü cinsin nümayəndələrini qınamıram. Onlar gözəllik aşiqidirlər. Ər gəzirsə, qadın dözməlidir. Mükafatı mütləq gözəl olacaq".

Ötən həftə müğənni Elnarə Xəlilova ilə telekanallar arasındakı gərginliklə də yadda qaldı. Əvvəlcə xəbər yayıldı ki, Xəlilova telekanalları təhqir edib. Ardınca isə sənətçi redaksiyalara müraciət ünvanladı və bildirdi ki, onun heç kimi təhqir etmək fikri yoxdur. Sadəcə, telekanal rəhbələrindən səviyyəli verilişlər tələb edir. Özü də çoxuşaqlı ana kimi. Amma telekanal rəhbərlərinin Elnarənin bu təklifini nəzərə alacağını, yaxud ona efir qadağası qoyacağını zaman göstərəcək. Bu məqamda bir nüansa diqqət çəkmək yerinə düşərdi. Hazırda E.Xəlilova 33 yaşındadır, üş uşaq anasıdır və efirdəki bəzi eybəcərlikləri, açıq-saçıqlıqları qəbul etmir. Təqdir edilsin. Lakin biz zamanlar xanım Xəlilova özü də indi qınadıqlarından heç də geri qalmırdı.

Adətən yaşlı sənətkarlar şəxsi həyatı barədə danışanda adamda ikrah hissi doğurur. Çünki sözünü demisən, sənətin var, pis-yaxşı ailən də öz yerində. Deyək ki, cavan uşaqlar bundan piar üçün istifadə edirlər, bəs yaşlılara nə olub? Sənətinə xüsusi rəğbətin olan biri bunu deyəndə isə deməyə söz tapmırsan. Şübhəsiz ki, xalq artisti Brilliant Dadaşovanın verdiyi açıqlama da istisna deyil. Xalq artisti bildirib ki, həyat yoldaşını ilk baxışdan sevib, vurulub, qəşş edib, ürəyi gedib, ayılıb, nişanlanıb, üçüncü kursda ərə edib, dördüncü kursda ana olub, beşinci kursda populyar olub. Amma indi, elə bil ki, nə ürəyi getməyib, nə qəşş etməyib, nə vurulmayıb, nə də yoldaşına əvvəlki sevgisi qalmayıb. Özünün dediklərindən belə qənaətə gəlmək olur.

Təxminən ilyarım əvvəl Space-də “Oğurlanmış arzular” adlı serial yayımlanmağa başladı. Saund-trekindən tutmuş aktyor seçiminə, işığına qədər bəyənilən idi. Ən azı, Azərbaycan səviyyəsində yetərincə məqbul sayıla bilərdi. Bu serialda kəşf etdiyim bir aktrisa da oldu - Pərvin Abıyeva. Latın Amerikasından olan qızları xatırladırdı, gənc olmasına rəğmən özünəməxsus oyunu və maneraları da peşəkarlığa doğru addımlamaqda olduğundan xəbər verirdi. Lakin belə olmadı. Son günlər sosial şəbəkələrdə bu xanımın açıq-saçıq sayılacaq libaslarla diqqət çəkməsi, “daha Azərbaycanda seriala çəkilməyəcəyəm” tipli bəyanatları təəssüf doğrurur. Guya burada 50-60 filmə, 40-50 seriala çəkilib, bezib. Şəxsi qənaətimə görə, məhz belə şeylərə görə neçə-neçə istedadlı aktrisalarımızı, aktyorlarımızı itirmişik. İkicə seriala çəkilən kimi hər şey yaddan çıxır.

Zemfira Adıgözəlova adı şou-biznesdən azacıq anlayışı olan hər kəs üçün gün kimi aydındır. Bu xanımın geyim tərzi, danışığı, baxışları tamaşaçıları, xüsusən kişiləri ekrana kilidləməyə hesablanıb. Ancaq bu günlərdə şikayətlənib ki, rejissorlar onu filmlərə dəvət edərkən məşuqə rolları təklif edirlər. Başa düşmədim. Möminə Xatun rolu təklif etməliydilər? Buradan dindar rejissorlara səslənirəm, Zemfira xanımı dini rollara çəkin, mütləq alınacaq.

Aygün Kazımova da 27 ildir yığdıqlarını xərcləməklə məşğuldur. Son aylarda xalq artistiylə bağlı oxuduğum xəbərlərin səksən faizi “Aygün ayağının fotosunu paylaşdı”, “Aygün baldırını göstərdi”dən ibarətdir. Görünür, sənətçinin yaradıcılığında keçid dövrüdür. Hər halda, mahnı olmasa da, baldır da pis deyil.

Meyxanaçı Vüqar Əbdülovun verdiyi açıqlama özünə qarşı yönəlib. Deyib ki, xanımların kişilərlə meyxana deməsi düzgün deyil. Özünə hörmət edən kişi qadınla deyişməz. Elə meyxanaçı Samirə bunu gözləyirmiş kimi məsələyə reaksiya verib: “İlk dəfə 1995-ci ildə Vüqar özü mənimlə meyxana deyib. ATV kanalında Aygün Kazımovanın "Sözümüz var" verilişində deyişmişdik”.

Di gəl buna cavab ver.

Aşıq Ədalət də efirdə rəqqasə Aytənin var-yoxunu söyüb. Aparıcı İradə İsaq deyib ki, bu, ustad şapalağıdır. Eyni məntiqlə əfsanəvi diktor, xalq artisti Rafiq Hüseynov da çıxıb indiki xəbər aparıcılarının səksən faizinin var-yoxunu söyməlidir. Axı o da ustaddır. Məgər gənclərə şapalaq vurmağa ixtiyarı yoxdur?

Və son olaraq. Xoşqədəm Hidayətqızı ATV-dən ayrıldı. İndi işin içindən elə işlər çıxıb ki, aləm dəyib bir-birinə. Deyilənlərə inansaq, teleaparıcı telekanalın prezidenti Vüqar Qaradağlının postuna iddialıymış. Burada deyiblər ki, telekanal prezidenti olmaq istəməyən aparıcıdan aparıcı olmaz. Afərin!

Di salamat qalın. Gələn həftə daha maraqlı olacaq.

Milli.Az