İçərişəhər "Cümə" məscidi dini icması Xanım Fatimeyi Zəhranın (s.ə) mövluduna həsr olunmuş möhtəşəm bayram tədbiri keçirib.

ANS PRESS-in məlumatına görə, bu gün bütün dünya müsəlmanları, Əhli-beytə (ə) məhəbbət bəsləyənlər İki dünya Xanımı (s.ə), Əziz İslam Peyğəmbərinin (s.ə) gözünün nuru, Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək mövlud gününü qeyd edir. Xanım Faimeyi-Zəhra (s.ə) besətin 5-ci ilində Cəmadius-sani ayının 20-də cümə günü dünyaya gəlib.

Bu münasibətlə İçərişəhər “Cümə” məscidi dini icması da möhtəşəm bayram tədbiri keçirib. Tədbir mübarək Qurani Kərimin tilavət olunması ilə başlanıb.

Daha sonra “Əhli-beyt (ə) aşiqləri” dini yaradıcılıq qrupunun ifasında Xanım Zəhranın (s.ə) və Əhli-beytin (ə) şəninə yazılnış biri-birində gözəl İlahilər səsləndirilib.

Tədbirə video-konfrans vasitəsilə qoşulan İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mübarək Mövlud günü münasibətilə təbriklərini çatdıraraq, tədbir iştirakçılarına xütbə söylənib

Xanım Fatimeyi Zəhranın (s.ə) uca məqamı barədə danışan Hacı İlqar, Xanımın (s.ə) hər bir müsəlman xanım üçün örnək olduğunu bildirib.

Qurani Kərimin nəzərində ən üstün insanın insanların ən təqvalısının olduğunu qeyd edən xətib, Xanım Fatimeyi Zəhranın (s.ə) bu anlamda üstünlük simvolu olduğunu vurğulayıb: “Bu anlamda bizlər Xanım Fatimeyi Zəhranın (s.ə) mövludunu qeyd edərkən əslində, təqvalılıq ruhiyyəsini qeyd edirik. Bizlər, bu mövludda Allahın yaratdığı ən böyük dəyərlərdən birinin insanlığa bəxş olunmasını qeyd edirik. Bizlər bu günlərdə təqvalılıq ruhiyyəsinə yiyələnməyə çalışmalıyıq. Təqvaya müxtəlif izahlar vermək olar. Lakin, ən sadə izahı budur ki, Allah bizi harada görmək istəyirsə, orada olaq, harada görmək istəmir, orada olmayaq. Əgər buna nail olsaq, təqvaya yiyələnmiş olarıq. Allahın bəyəndiyi rənglərə boyansaq, ən aşağı vəziyyətdən ən kamil vəziyyətə təkamül etmiş olarıq”.

Xanım Fatimeyi Zəhranın (s.ə) mövludunun eyni zamanda böyük bir Xanımlar bayramı olmasına işarə edən Hacı İlqar bütün müsəlman xanımlara Xanım Zəhranın (s.ə) təqvasının ən ali nümunəsi olan iffətə sahib çıxmağı diləyib. Xanım üçün təqvanın ən ali göstəricisinin iffət olduğunu vurğulayan xətib, iffətin bütün sahələrə, o cümlədən ailə, qohumlararası münasibətlərə, övlad tərbiyəsinə, elmə, biliyə can atmağa – həyatın bütün sahələrinə aid olduğunu bildirib.

Bayram tədbiri duaların edilməsi ilə yekunlaşıb.















Mənbə
ANS PRESS