Səfər zamanı türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məsələsi müzakirə olunacaq

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, görüş zamanı O. Əsədov deyib ki, Fondun fəaliyyəti təqdirə layiqdir. Spiker qeyd edib ki, taleyüklü məsələlərin həllində Azərbaycan və Türk diasporlarının həmrəyliyi mühüm əhəmiyyət kəsb edir: “Qondarma “soyqırımı” məsələsində erməni təbliğatının ifşa olunmasında Fondun üzərinə böyük vəzifələr düşür. Bu məsələ ilə əlaqədar kitablar, broşürlar çap olunmalıdır”.

O. Əsədov türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasını yüksək dəyərləndirərək yaxın günlərdə bu məsələ ilə əlaqədar Türkiyəyə səfər edəcəyini bildirib.

Görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun ümumi məqsədlər naminə fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Türkiyə bölgədə baş verən prosesləri daim diqqətlə izləyir. Səfirnin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həll olunmasının vaxtı artıq çatıb və bu məsələni kim həll edərsə, Türkiyə onun yanında olacaq: “Biz Azərbaycanın uğurlarına qəlbən sevinirik”.
Sonra çıxış edən ATAF Himayəçilər Şurası sədrinin müavini Ahmet Erentok Fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, qeyri-hökumət təşkilatı kimi yaradılan Fond tarixi həqiqətlərin araşdırılmasında uydurma erməni soyqırımı ideyasının ifşasında əhəmiyyətli rol oynayacaq.
Pərvin ABBASOV