Bakı, 11 aprel, AZERTAC
Xalqımızın milli mədəni dəyərlərinin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Ə.Qarayev bildirib ki, bu sahədə Dövlət Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində ölmə başçısının Fərmanı ilə nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması əhəmiyyətli addımlardan biridir.
Nazir deyib: “Bu, bizə imkan yaradır ki, milli-tarixi, mədəni irsimiz ciddi nəzarət altında olsun, gələcək nəsillərə bütün məzmunu ilə çatdırılsın. Eyni zamanda, düşünürük ki, tarix və mədəniyyət abidələrinin etibarlı qorunma mühitinin təminatı üçün qanunvericilikdə məsuliyyəti artıracaq qaydaları sərtləşdirməyə zərurət vardır”.