“Mart ayını “dərd ayı” kimi düşünürlər. Lakin mart ayı mənim ailəmə yalnız sevinc bəxş edib”. Bu barədə dördəm əkiz atası olan Rəşad Abbasov ANS PRESS-ə bildirib.

Söhbət mart ayının 24-də dördəm əkizlərinin dünyaya gəldiyi Abbasovlar ailəsindən gedir.
Qeyd edək ki, 2011-ci ilin mart ayında 1982-ci il təcəllüdlü Rəşad Abbasovla 1987-ci il təvəllüdlü Həyat Abbasovun nigahından ilk qız övladları dünyaya gəlib. Düz dörd il sonra onlara yenidən övlad sevinci qismət olub. Özü də bir deyil, düz dörd övlad.

ANS PRESS olaraq cəmiyyətdə böyük marağa səbəb olan bu ailədən reportaj hazırlamaq qərarına gəldik. Bunun üçün gənc ata ilə əlaqə saxladıq. Rəşad Abbasovla “Nərimanov” metrostansiyası yaxınlığında görüşdük. Onunla birlikdə böyük ailənin kirayədə yaşadığı kiçik mənzilə yollandıq.





Qapını üzümüzə 52 yaşlı Pərvanə nənə açdı. Bizi mehribanlıqla qarşıladılar. İçəri daxil olan zaman ilk nəzərimizi cəlb edən mənzildən gələn nəmişlik iyi idi. Elə ailə üzvləri də evdəki nəmişlikdən narazılıq edirdilər. Pərvanə nənə evin nəmişlikdən kif atmasından, bunun da körpələrin səhhətinə ziyan vura biləcəyindən qorxduqlarını bildirdi.













İçəri daxil olanda kiçik otaqda böyüklər üçün 3 çarpayı var. Körpələr isə otağın bir tərəfində qoyulan çarpayıda yatmışdılar. Otağın küncündə isə yeni alınmış rəngli televizor vardı. Evin kiçik kolidorunda isə quraşdırılmamış paltaryuyan maşın vardı. Bundan başqa, mənzildə uşaqlar üçün qidalar, bezlər və digər lazımlı əşyaları görmək olurdu.

Rəşad Abbasov bildirdi ki, televizor, paltaryuyan maşın və digər bahalı əşyaları onlara qonaq gələn xeyirxah insanlar pay gətiriblər.

“Sağ olsun yaxşı insanlar. Demək olar ki, hər gün bizə gəlirlər. Kimi pul, kimi isə lazımı əşyalar alıb verirlər. Mən Azərbaycanda yaşamağımla fəxr edirəm”, - deyə Rəşad Abbasov bildirib.

Gənc ata ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etməyi də unutmadı. Onun sözlərinə görə, həkimlər dördəmlərin doğulacağı barədə məlumat verəndə həm sevinib, həm də çox məyus olub. Çünki həmin vaxt onun körpələrin dünyaya gəlməsi üçün xərcləməyə pulu olmayıb. Bu səbəbdən də, Mehriban Əliyevaya məktub göndəriblər.

“Məhz ondan sonra uşaqların dünyaya gəlməsi, xəstəxana xərcləri dövlət hesabına baş tutdu. Bir daha cənab prezidentə, xanımına dərin təşəkkürümüzü bildiririk. Göstərdikləri qayğı və köməkliyə görə, dünyaya gələn uşaqların adlarını da cənab prezidentin ailə üzvlərinin adlarını vermişik”, - deyə Rəşad Abbasov vurğulayıb.

Qeyd edək ki, dördəm əkizlərdən biri oğlan, üçü qızdır. Prezidentin şərəfinə oğlana İlham adı qoyulub. İlhamın çəkisi 2 kiloqram 200 qramdır. Azərbaycanın birinci xanımının şərəfinə qızlardan birinə Mehriban adı verilib. Onun çəkisi 2 kiloqram 100 qramdır. Qızlardan digərinin, Leyla adlı körpənin çəkisi 2 kiloqram, Arzu adlı körpənin isə ağırlığı 1 kiloqram 600 qramdır. Həkim yoxlanışından keçən körpələrin səhhətində heç bir problem yoxdur.

Pərvanə nənə deyir ki, çox vaxt gəlinin süni mayalanma ilə hamilə qaldığını deyirlər: “Çoxu elə bilir ki, süni mayalanma etdirmişik. Əvvəla onu deyim ki, bu çox bahalıdır. Biz istəsəydik belə, bunu edə bilməzdir. İkincisi də, oğlumun artıq bir qızı vardı. Onlar bir oğlan uşağı istəyirdilər. Lakin qismət belə oldu”.

Pərvanə Abbasova deyir ki, həyat yoldaşı 12 il bundan əvvəl dünyasını dəyişib. Bundan sonra 3 oğlunu təkbaşına dolandırmağa başlayıb. Sonradan böyük oğlu Rəşad Abbasov işləyib və qardaşlarını dolandırmağa başlayıb.

“Rəşad evlənəndən sonra vəziyyət bir az çətinləşdi. Ailə xərcləri artdı. Gəlinim isə öz bacım qızıdır. Valideynləri ölüb. Yetim qız idi. Öz qızım kimi çox istəyirəm. Mənim elə var-dövlətim bunlardır. İlk nəvəmə də, mənim adıma oxşar, Pərihan qoyublar”, - deyə Pərvanə Abbasov bildirib.

İndi Abbasovlar ailəsinin böyük bir problemi var. Gənc ata deyir ki, gündəlik çörəkpulu üçün fəhləlikdən tutmuş, maşın yuma işinə qədər çalışır. Lakin aylıq kirayə pulu üçün tələb olunan 300 manata verməkdə çətinlik çəkirlər.

“Mən göydə Allaha, yerdə isə dövlətimə güvənirəm. İnanırıq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva bizə göstərdikləri qayğılarını əskik etdirməyəcəklər. Bir daha onlara göstərdikləri köməkliyi görə minnətdarlığımızı bildiririk”, - deyə Rəşad Abbasov bildirib.

Qeyd edək ki, Abbasovlar ailəsi ilə müxtəlif insanlar maraqlanıb. Lakin onların yaxın qohumları ailə qarşı biganə münasibət bəsləyir. Baxmayaraq ki, qohumlar arasında maddi durumu nisbətən yaxşı olanlar var, lakin onlar nədənsə yad insanların kömək etmək istədikləri dördəmlərə yardım etməyiblər.































Mənbə
ANS PRESS