Bakı, 10 aprel, AZƏRTAC
Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz və Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda olublar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Milli Kitabxanası arasında aprelin 7-də imzalanan üçtərəfli əməkdaşlıq memorandumunun Mərakeş və Azərbaycan xalqlarının mənəvi irsinin öyrənilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını söyləyib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov burada saxlanılan əlyazma, çap kitabları və sənədlər barədə qonaqlara məlumat verib. Bildirilib ki, institutda mühafizə edilən ərəbdilli əlyazma və çap kitabları qədimliyi, unikallığı ilə diqqəti cəlb edir.
İnstitut direktorunun elmi işlər üzrə müavini,, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli elmi müəssisədə əlyazmaların elektron variantlarının çəkilməsi, kataloqlaşdırılması sahəsində görülən işlərdən bəhs edib.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli ərəbdilli əlyazmaların tədqiqi və nəşri, xarici ölkə kitabxanalarında saxlanılan Azərbaycana dair ərəbdilli əlyazmaların əldə edilməsi sahəsində görülən işlərdən söz açıb.
Professor D.Khrouz rəhbərlik etdiyi kitabxanada, bütövlükdə Mərakeşdə müsəlman əlyazmalarının mühafizəsi ilə bağlı görülən işlərdən danışıb.
Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami müsəlman xalqların irsinin öyrənilməsi sahəsindəki fəaliyyətinə görə institutun rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə Mərakeş Milli Kitabxanasında, eyni zamanda bu ölkənin kitabxanalarında saxlanılan Azərbaycana dair əlyazmaların surətlərinin Bakıya, Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaların surətlərinin isə Mərakeşə göndərilməsi barədə əldə olunub. Həmçinin tərəflər təcrübə mübadiləsinin aparılmasına dair razılığa gəliblər.