Quba, 10 aprel, Elxan Yusifli, AZƏRTAC
“Baku Fires” komandası “USA Knockouts” kollektivinə qarşı görüşə tam hazırdır. Bunu “Baku Fires” komandasının baş məşqçisi Nuripaşa Talibov aprelin 10-da Quba Olimpiya İdman Kompleksində bu komandaların qarşılaşması ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.
AZƏRTAC xəbər verir ki, N.Talıbov mövsümün uğurla keçdiyini vurğulayıb. O qeyd edib ki, 60 kiloqramda yarışacaq Albert Səlimovun döyüşünü hamı həyacanla gözləyir. Əgər boksçumuz bu döyüşdə rinqi qələbə ilə tərk edərsə 2016-cı ildə Braziliyada keçiriləçək Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək. Aprelin 18-də isə komandamız Puerto-Rikoya yola düşəcək. Orada “Puerto Rico Hurricanes” kollektivi ilə keçiriləcək qarşılaşmada Heybətulla Hacıəliyev də qələbə sayəsində Rio-de-Janeyro arzusunu gerçəkləşdirə bilər.
“USA Knockouts” komandasının baş məşqçisi Edvard Viçers də Azərbaycana qələbə üçün gəldiklərini açıqlayıb. Məşqçi bildirib ki, rinqə çıxan komandanın hər bir döyüşçüsü uğurlu nəticə əldə etməyə çalışacaq.
Mətbuat konfransında məlumat verilib ki, yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyəcək. Rəqib ölkəmizə gələ bilmədiyindən “Baku Fires” təmsilçisinə texniki qələbə veriləcək. Digər dörd döyüşdə Murad Rabadanov (52 kq) Brent Riçard Veneqasla, Albert Səlimov (60 kq) Karlos Balderasla, Pərviz Bağırov (69 kq) Brayan Keballo ilə, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsonla üz-üzə gələcək.
Dünya Boks Seriyasının (WSB) qrup mərhələsinin növbəti turu çərçivəsində “Baku Fires” komandası ilə ABŞ-ın “USA Knockouts” kollektivi arasındakı qarşılaşma aprelin 11-də saat 19:00-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

