Bakı, 10 aprel, AZƏRTAC
“Eurovision” mahnı müsabiqəsinin saytında təmsilçimiz Elnur Hüseynovun promoturu barədə “Azerbaijan: Elnur's promo tour starts today” sərlövhəli məqalə yer alıb.
AZƏRTAC müsabiqənin saytına istinadla xəbər verir ki, məqalədə bu gün E.Hüseynovun Riqa şəhərinə çatdığı və orada digər qonaqlarla birlikdə mətbuat konfransı keçirəcəyi bildirilib. Sonra müğənni “Eurovision” öncəsi “Riga-2015” tədbirinə qatılacaq.
E.Hüseynov promotur çərçivəsində növbəti dayanacağı yer Budapeşt olacaq, aprelin 13-də televiziyada çıxış edəcək. E.Hüseynov Budapeştdə Macarıstanın builki təmsilçisi Boggie ilə də görüşəcək. Təmsilçimiz aprelin 18-də Amsterdamda keçiriləcək “Eurovision In Concert” tədbirində də iştirak etməyə hazırlaşır. Bu tədbir ona “Eurovision-2015” mahnı müsabiqəsinin 20-dən çox iştirakçısı ilə görüşmək imkanı yaradacaq. Aprelin 24-də E.Hüseynov Moskvada “Pre-Eurovision Concert” tədbirində iştirak edəcək və yarışmanın digər 10 ölkəsinin təmsilçinə qoşulacaq.
E.Hüseynovun Vyanadan əvvəl gedəcəyi digər üç ölkə haqqında məlumatı onun rəsmi veb-səhifəsində elan ediləcək.
Materialın tam mətnini http://www.eurovision.tv/page/news?id=azerbaijan_elnurs_promo_tour_starts_today linkinə daxil olmaqla oxumaq mümkündür.
Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.