Milli.Az “Qəbələ”nin və milli komandanın müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsini təqdim edir.
  
- Ölkə çempionatının XXIX turu çərçivəsində “Qəbələ” məhz sizin qolunuz sayəsində “Simurq” üzərində vacib qələbə qazandı...

- Şadam ki, komandamın qələbə qolunu mən vurdum. Amma kimin qol vurması önəmli deyil. Əsas odu ki, meydandan 3 xalla ayrıldıq.
  
- Qol epizodunda qapıya zərbə vururduz, yoxsa ötürmə verirdiz?

- Zərbədən çox, ötürmə idi. Amma müasir futbolda belə qollar tez-tez vurulur. Odu ki, ötürdüyüm topun qapıdan keçəcəyinə də inamım var idi.
  
- Yeri gəlmişkən, “Simurq”un qapısına vurduğunuz qol Azərbaycan çempionatları tarixində yubiley – 11 mininci qol oldu...

- Açığı, bundan xəbərim yox idi. Çox sevindim. Vurduğum tarixi qolu azarkeşlərimizə, “Qəbələ”sevərlərə həsr edirəm.
  
- Çempionatdakı son 6 oyunda 3 qola imza atmısız. Müdafiənin mərkəzində çıxış etsəniz də, tez-tez hücuma qoşulursuz. Bu, sırf baş məşqçinin tapşırığıdı, yoxsa qol vurmaq istəyinizlə bağlıdı?

- Hücuma atılmağım sırf oyun epizodu ilə bağlı olur. Mən meydana həm yaxşı oynamaq, həm də qol vurmaq üçün çıxıram. Qarşıdakı matçlarda da qollarımın davamını gətirməyə çalışacam.
 
- Növbəti turda sabiq komandanız “Neftçi” ilə qarşılaşacaqsız. Bu görüşdə də fərqlənsəniz, vurduğunuz qola sevinəcəksizmi?

- “Neftçi”yə qol vursam, sevinmərəm. Çünki uzun müddət bu klubda oynamışam. Hazırkı səviyyəyə çatmağımda “Neftçi”nin də rolu böyükdü.
  
- Qış fasiləsindən sonra bir müddət qeyri-stabil çıxış göstərən “Qəbələ” son 6 turda qələbə qazanır. Nə dəyişdi ki, komanda qalibiyyətləri sıralayır?

- Yanvar toplanışından sonra vaxta ehtiyacımız var idi. Çünki baş məşqçimiz yeni idi. Yavaş-yavaş hər şey qaydasına düşür. Ancaq hələ də baş məşqçimizin istədiyi futbolu tam oynamırıq. İnanıram ki, bir az da vaxt keçdikdən sonra oynayacağıq. Roman Qriqorçuk çox tələbkar məşqçidi. Bu isə futbolçu üçün yaxşı haldı.
  
- “Qəbələ” kimi, sizin də çıxışınızda yüksəliş hiss olunur. Bu, baş məşqçinin sizə olan inamı ilə bağlıdı, yoxsa yenidən doğma mövqeyinizə qayıtmağınızla?

- Birinci növbədə, məşqçinin inamı ilə əlaqədardı. Gəldiyim gündən bunu hiss edirəm. Məşqçi inananda futbolçu özünü daha yaxşı tərəfdən göstərir. Mövqeyimi dəyişməyim də xeyrimə oldu. Mən futbola mərkəz müdafiəçisi kimi başlamışam. Sonra dayaq yarımmüdafiəsində oynadım. İndi isə yenidən doğma mövqeyimə qayıtdım. Təbii ki, bunun da rolu var.
  
- Mərkəz müdafiəçisi mövqeyinə qayıtdığınız ilk vaxtlarda səhvlər buraxdığınız oyunlar oldu və buna görə tənqid olunduz. Yenidən həmin mövqedə oynamağa alışmaq çətin oldumu?

- Yavaş-yavaş hər şey qaydasına düşür. Amma hələ də öz oyunumdan tam razı deyiləm. Üzərimdə daha çox işləməliyəm. Bundan da yaxşı oynaya bilərəm.
  
- Necə düşünürsüz, “Qəbələ” Avrokuboka vəsiqə əldə edə biləcəkmi?

- Məqsədimiz də elə budu. Sona qədər əlimizdən gələni edəcəyik. Ancaq bizi hazırkı məqamda Avrokubokdan çox, qarşıdakı oyunlar düşündürür. Son 6 turda maksimum nəticə qazanmışıq. Amma arxayınlaşmaq olmaz. Rəqiblərimizin də xal itirməsini gözləsək də, bizim üçün əsas öz oyunumuzdu.
  
- Ancaq razılaşın ki, sizdən fərqli, “Simurq” ölkə kubokunda çıxışını davam etdirir. Bu isə o deməkdi ki, zaqatalalılar kuboku qazansalar, “Qəbələ”nin Avrokubok arzusu həyata keçməyə də bilər...

- Razıyam. Buna görə də, biz kubokun yarımfinal oyununda “Qarabağ”a azarkeşlik edəcəyik. İnanıram ki, “Qəbələ” Avrokuboka vəsiqə qazana biləcək.

Milli.Az