Kiyev, 9 aprel, AZƏRTAC
Aprelin 9-dan 18-dək Tbilisidə ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Bu tədbirdə Azərbaycan yığması da iştirak edəcək.
Ukrayna yığması idman arenasında Azərbaycan komandasının ənənəvi əsas rəqiblərindən biridir. 28 yaşlı Yuliya Paratova 2011-ci il dünya çempionatının gümüş mükafatçısı, 2013-cü il Avropa çempionu, dörd dəfə Ukrayna çempionudur. Yuliya Gürcüstana yola düşməzdən əvvəl AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri onunla görüşüb və müsahibə alıb.
Yuliya Paratova öz planlarını bölüşərək deyib:
-Tbilisiyə beşinci və ya altıncı yeri tutmaq üçün getmirəm. İki il bundan əvvəl Avropa çempionu oldum, 2014-cü ildə isə çempiona cəmi bir kiloqram uduzdum. Razılaşın ki, bu, o qədər də əhəmiyyətli məsələ deyil. Bu il mən çempion adını özümə qaytarmaq istəyirəm. Çempionata qoşulmaq üçün təqdim edilmiş sifarişlərdən məlum olur ki, mənim çəki dərəcəmdə (53 kq) rəqabət güclü olacaq. 200 kiloqram və daha artıq çəki sifariş vermiş üç idmançı var. Qələbə uğrunda məhz biz mübarizə aparacağıq. Mənim əsas rəqibim türkiyəli Ayşəgül Çobandır. Keçən il mən ona uduzdum...
Ukraynalı idmançılar bu çempionata Kiyev yaxınlığındakı Konça Zaspe olimpiya bazasında hazırlaşıblar. Y.Paratovanın dediyinə görə narazı olmaq üçün əsas yoxdur.
Ukraynalı idmançı deyib:
-Ölkədə vəziyyətin çox mürəkkəb olmasına baxmayaraq dövlət bizi dəstəkləyir və bizim beynəlxalq yarışlarda iştirak etməyimiz, Rusiya, Azərbaycan, Bolqarıstan, Türkiyə kimi ölkələrin idmançıları ilə rəqabət aparmağımız üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Təbii ki, Ağır Atletika Federasiyası da bizə kömək edir.
Artıq uzun müddətdir ki, Y.Paratovanın məşqçisi Yuri Kuçinovdur. Yuliyanın sözlərinə görə Kuçinov onü ata qayğısı göstərir. İdmançı deyir:
-Məni danladığı hallar da olub, təriflədiyi vaxtlar da. Yeri gələndə “dürtmələyə” bilir, bəzən də məni tumarlayır. Biz özümüzdə xarakter tərbiyə etməliyik, biz məşq etməliyik. İdman arenasından kənarda biz cavan qızlarıq, burada isə idmançılarıq.
Yeri gəlmişkən, bu nərmanazik idmançı ağır atletdən daha çox fotomodelə oxşayır. Yuliya Paratova etiraf edib ki, onun zəif cəhəti... şoppinqə meyl etməsidir. O, gülə-gülə deyir:
-Mən paltar məsələsində qənaət etmirəm. Ola bilsin ki, yarım ildə bir dəfə bazarlıq edim, amma özümə çoxlu yaxşı pal-paltar alım. Yayın əvvəlində biz Birinci Avropa Oyunlarına gedəcəyik. Azərbaycandan həm medalla, həm də hündür dabanlı təzə çəkmə ilə qayıtmağı planlaşdırıram. Mənim bütün ayaqqabılarımın dabanları çox hündürdür.. Axı mənim boyum balacadır (158 sm – Z.A.), bəzən nərmanazik olmaq istəmirəm (gülür). Bu yaxınlarda üzərində Ukrayna simvolikası olan silikon qolbaq almışam. Gürcüstanda həmin qolbaqla çıxış edəcəyəm. Bakıda keçirilən Oyunlarda da hökmən həmin qolbağı taxacağam!.
Müsahibəni yazdı: Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
