Bakı, 9 aprel, AZƏRTAC
Böyük Britaniyanın paytaxtı Londonun məşhur zərgərlik rayonunda yerləşən Hatton Garden Safe saxlancında oğurluq baş verib. Bu barədə Daily Star nəşri məlumat yayıb.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, müəssisənin personalı cinayətin izlərini yalnız Pasxa ilə əlaqədar bayram istirahətindən qayıdan zaman aşkar edib.
Belə görünür ki, canilər yüksək peşəkarlıq keyfiyyətlərinə malik imişlər. Onlar nəzərə çarpmadan bir başa saxlanca tunel qazmağa və xəbərdarlıq siqnalını söndürməyə müvəffəq olublar.
Hadisə yerinə çağırılan polislər 300-dən artıq açılmış seyf aşkar edib. Canilər əsasən ölkənin bəzi varlı zərgərlərinə aid nağd pul və nadir brilyantları oğurlayıblar. Onların arasında 500 min funt-sterlinq dəyərində brilyant da olub. Oğurluğun ümumi həcmi isə 100 milyon funt-sterlinqi keçib.
Britaniyalı jurnalistlərlə söhbətində saxlancda mövcud olan 600 seyfdən 300-ə qədərinin açıldığını deyən Scotland Yard-ın nümayəndəsi yüksək səviyyəd mühafizə olunan Hatton Garden Safe-nin necə qarət edildiyini anlamadığını bildirib.