Bu ilin mart ayında respublikamızda 111391 ailə (485927 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32437 ailə (141348 nəfər ailə üzvü) və ya 22,5 % azdır. Əmək və Əhalinin Sosial Müdafiəsindən Lent.az-a verilən məlumata görə, bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq artması ilə müşaiyət edilib. Belə ki, cari ilin mart ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,97 manat (13,5 %) artaraq 143,13 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 230716 nəfər, onlardan 1 yaşadək ailə üzvlərinin sayı 6334 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı isə 5447 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 31997-i tərkibində 3 və daha çox uşağı olanlardır.

 

Vətəndaşlara fərdi kommunikasiya vasitələri və ya poçt şöbələrində xüsusi olaraq quraşdırılacaq infoköşklərdən ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı yaradılacaq. Vətəndaşların bu yardımı almaq hüquqlarına baxılması üçün lazımi arayış və məlumatlar isə  müvafiq dövlət qurumlarının informasiya resurslarından elektron formada əldə edilməklə tam avtomatlaşmış sistem əsasında aparılacaq. Bu isə ünvanlı yardım təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına, aztəminatlı ailələrin ünvanlı sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan verəcək.