Zidan "norveçli Messi"ni "Real"ın gənclər komandasından qovdu

Madrid "Real"nın gənclər komandasının baş məşqçisi Zinədin Zidan norveçli vunderkind Martin Edegoru heyətdən çıxarıb.

ANS PRESS-in məlumatına görə, futbol əfsanəsi 16 yaşlı futbolçunun davranışından narazıdır. Müqaviləsində olan bəndə görə norveçli futbolçu həftədə beş dəfə “Kral klubu"nun əsas heyəti ilə məşq edir.

Gənclərin heyətinə isə Edegor yalnız oyun günləri qoşulur. Zidanın sözlərinə görə, bu Norveç millisinin üzvünə komanda yoldaşları ilə oyunda uyğunlaşmaqda çətinlik yaradır.

“Biz Edegorun oynadığı son dörd matçda məğlub olmuşuq. Lakin norveçlinin ehtiyat oyunçular skamyasında əyləşdiyi iki oyunda qalib gəlmişik. Bizimlə məşq etmədiyindən komanda yoldaşları ilə anlaşmada o çətinlik çəkir”, - deyə Zidan bildirib.

Oyunçu haqqında gənc komandanın digər oyunçuları da şikayət edib. Onların sözlərinə görə, Edegor yalnız Kristiano Ronaldo ilə yanaşı məşqlərdə çalışqan olur. Zidan Edegora məsuliyyətli olmağı tövsiyə edib. Həmçinin o bu haqda futbolçunun atası ilə söhbət etməyi planlaşdırır.
Mənbə
ANS PRESS