Bakı, 8 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Gəncə şəhərindəki “Kəpəz” Tədris Mərkəzinin abituriyentləri ilə görüş keçirilib.
Tədbirdə BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentlərə bu ali məktəbin fəaliyyəti haqqında qısa məlumat verib.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı təqdimatla çıxış edərək, Bakı Ali Neft Məktəbinin 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını bildirib. O, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbinin qəbulda 668.017 orta balla birinci yerdə olduğunu deyib. H.Sadıqlı bu tədris ili üzrə 17 Prezident təqaüdçüsünün BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin yüksək – 81,39% olduğunu deyib. Bütün bunların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğunu sübut etdiyi vurğulanıb. Həmçinin Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları və mütərəqqi texnologiyalar əsasında həyata keçirildiyi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması barədə məlumat verilib. Təqdimatda statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, bu ali məktəbin əməkdaşlıq etdiyi xarici şirkətlər və universitetlər, BANM-in yeni kampusu barədə da məlumatlar diqqətə çatdırılıb.
Sonra abituriyentlərin sualları cavablandırılıb.
Sonda gəncəli abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olublar.

