Səudiyyə Ərəbistanının Yəmənin mühasirəyə alınmış prezidenti Əbd-Rabbu Mansur Hadiyə kömək etmək qərarı İranın husi üsyançılarına dəstəyi artırmasına cavabdır, belə ki, bu ayın əvvəlində Tehrandan gəmi ilə hökumət əleyhi qüvvələr üçün 185 min ton silah gətirilib. Regionda şiələrin super gücü olan İran Yəməndə azlıq təşkil edən şiə qrupu husilərin dəstəklənməsini Səudiyyə Ərəbistanında hakimiyyətdə olan sünnilərin hədəf götürülməsi üçün əlverişli vasitə hesab edir.
İran İslam İnqilabı Qvardiyasının Qüds qüvvələri bu məqsədlə dörd ildir ki, üsyançılar üçün silah təmin edərək və hərbi dəstək göstərərək husilərin ölkənin böyük ərazilərini işğal etmələrinə kömək edir. Bu ərazilərə ilin əvvəlində ələ keçirilmiş paytaxt Sana şəhəri də daxildir. Səudiyyə Ərəbistanı uzun müddət sünnilər tərəfindən idarə olunan Yəməni rəqibi Tehrana qarşı sadiq bir müttəfiq hesab edib. Tehranla münaqişə isə İranın nüvə silahları əldə etməyə çalışması ilə bağlı iddialar nəticəsində gərginləşib.
İranın Səudiyyə Ərəbistanın yaxınlığında uzaqdan müharibə başlatmaq cəhdləri üsyançıların son vaxtlar müvəffəqiyyət qazanmalarına səbəb olub və onların uğurları elə böyükdür ki, bütün ölkə husilərin hakimiyyəti altına düşmək təhlükəsi ilə üz-üzədir. Bu da Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərə bilər.
Prezident Hadinin keçmiş Britaniya müstəmləkəsi olan Ədən şəhərinin limanından qaçmağa məcbur olması ilə Səudiyyə Ərəbistanı ölkəni şiə rəqiblərə qurban olmaqdan xilas etmək üçün müdaxilə etməkdən başqa seçimi olmadığını iddia edəcək. Buna baxmayaraq, Səudiyyənin apardığı əməliyyatların mənfi təsirləri təkcə husilərin Sanadakı mövqelərində hiss olunmayacaq. Çünki hava hücumları ilə təkcə regionda açıq şəkildə Yəmənin İrana tabe şiə dövlətinə çevrilməsinin qarşısını almaq üçün Səudiyyə tərəfindən edilən hücumu 10 sünni dövlətin dəstəkləməsi ilə şiə-sünni müharibəsi başlamadı. Səudiyyə Ərəbistanının hərbi müdaxiləsinin eyni zamanda ABŞ-ın nüvə proqramı ilə bağlı İranla bu ayın sonuna qədər tamamilə yeni müqavilə bağlamaq cəhdləri üçün də ciddi əks təsirləri ola bilər. Xüsusilə də, Tehranın ABŞ-ı Yəməndəki hücumu təşkil etməkdə ittiham etdiyi bir vaxtda bu təsirlər özünü daha çox göstərəcək.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin başçısı Ələddin Borujerdi bildirib: “Amerika bu əməliyyatı dəstəkləyib. Səudiyyə Ərəbistanı Amerikanın icazəsi olmadan belə bir əməliyyat həyata keçirə bilməzdi.”
İsveçrənin Lozanna şəhərində ABŞ-ın dövlət katibi Con Kerri və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında keçən danışıqlarda təsdiq olunub ki, Yəməndə döyüşlərin kəskinləşməsi müzakirələrə mənfi təsir göstərə bilər. Danışıqlar zamanı İranın nümayəndə heyəti cənab Kerrinin nüfuzundan istifadə edərək Ərəbistan və İran arasında tammiqyaslı münaqişə çıxmasının qarşısını almasını tələb edib.
Danışıqlar aparan iki qrup arasında Yəmən böhranı ilə əlaqədar yaranacaq istənilən gərginlik Tehranda sərt siyasət yeridən qüvvələrin işinə yarayacaq. Bu qüvvələr artıq cənab Zərifin Amerikanın tələsinə düşdüyünü iddia edərək ABŞ-la müqavilə bağlanmasına qarşı olduqlarını bildiriblər.
Mötədillər və İslam inqilabının tərəfdarları arasındakı gərginliklər İran üçün yeni deyil və bu gərginliklər Qərbin ötən 30 il ərzində ayətullahlarla münasibətlərin qaydaya salınması cəhdlərinə mane olub. 1980-ci illərdə Terri Ueyt və Con Makkarti kimi qərbli girovların azadlığa buraxılması üçün göstərilən cəhdlər İran İslam inqilabının banisi Ayətullah Ruhullah Xomeyninin “Böyük Şeytan” adlandırdığı bir ölkə ilə uzlaşmağı rədd etməsi ilə nəticəsiz qaldı. İslahatçı Məhəmməd Xatəminin prezident seçilməsindən sonra 1990-cı illərdə də əlaqələrin yaxşılaşdırılması üçün oxşar cəhdlər göstərildi.
İranın hazırkı prezidenti Həsən Ruhaninin keçən həftə bu ayın sonuna qədər ABŞ-la müqavilənin əsas prinsiplərinin hazır ola biləcəyi ilə bağlı irəli sürdüyü iddialara baxmayaraq, parlamentdə mühafizəkarlar artıq hökumətin məsələni bir dəfəlik həll edərək Qərbin qoyduğu cəza məqsədli iqtisadi sanksiyaların qaldırılması üçün göstərdiyi cəhdlərə qarşı çıxmağa hazırlaşırlar. Məclisin məşhur üzvlərindən biri hökuməti nüvə proqramının sülh məqsədilə hazırlanmadığı iddialarını qəbul etməkdə ittiham edib.
İroniya məsələnin burasındadır ki, Yəməndə münaqişə kəskinləşməsəydi, digər ərəb ölkələrində İran və ABŞ arasında əməkdaşlıq səviyyəsinin güclənməsi uzlaşmayan qüvvələrin qayğılarının əsassız olduğunu sübut etməyə kifayət edərdi. Məsələn, Yəməndə gedən döyüşlərdən şimala doğru 1500 mil aralıda ABŞ-ın rəhbərlik etdiyi koalisiya strateji əhəmiyyət daşıyan, Səddam Hüseynin keçmiş istinadgahı Tikrit şəhərinin geri alınması üçün İranın dəstəklədiyi şiə hərbçilərinə fəal şəkildə yardım edir. Tikrit şəhəri keçən ilin yayında İslam dövləti üçün döyüşən sünni ekstremistlər tərəfindən zəbt edilib.
İranın dəstəklədiyi hərbiləşdirilmiş qüvvələr quru hücumlarını davam etdirdikcə ABŞ-ın hərbi təyyarələri də əsas hədəfləri bombalayaraq İŞİD döyüşçülərini geri çəkilməyə məcbur edib və hökumət tərəfdarı qüvvələrin tezliklə İraqın ilk böyük şəhərinə nəzarəti yenidən ələ alacaqları ehtimalını yüksəldib.
Döyüşlər zamanı daha sıx əməkdaşlığın yaradılmasından başqa, Obama adminstrasiyasının Tehranla daha konstruktiv əlaqələr qurmaq istədiyini göstərən başqa faktlar da var. Vaşinqtonun milli kəşfiyyat üzrə illik çıxarılan sənədlərin bu aykı nəşrində ABŞ-ın bütün dünyada üzləşdiyi təhlükələr sadalanır, lakin burda İran və Livanın cənubunda tez-tez İsraillə toqquşmalara səbəb olan Hizbullahın adı çəkilmir. Uzun müddət İran və Hizbullahın adı bu siyahıda olub, lakin bu il Obama administrasiyası nüvə məsələsini dinc yolla həll etməkdə ciddi olduğunu Tehrana göstərmək ümidilə onları siyahıdan çıxarıb.
İndi isə Yəməndə İranın Ərəbistan yarımadasına istənməyən müdaxiləsi ilə yaranan münaqişə nəticəsində Tehranla hazırlanan zəmin məhv ola bilər. Çünki işin əsli belədir ki, Obama administrasiyası İranla əlaqələri nə qədər yaxşılaşdırmaq istəsə də, istər nüvə silahları, istərsə də uğursuz olmuş və ya Yəmən kimi uğursuzluğa gedən dövlətlərlə əlaqədar olsun, İranın Yaxın Şərqdəki maraqları Qərbin maraqları ilə birbaşa toqquşur.
Sünni və şiələrin parçalanması 632-ci ildə Məhəmməd peyğəmbərin ölümü və ilk müsəlman xəlifəsinin yerinə keçmək uğrunda mübarizə ilə başlayır. Sünnilər onun varisi olmağa qayınatası Əbu Bəkrin, şiələr isə Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni Əlinin layiq olduğunu deyirlər. Belə ki, bu fikir ayrılığı nəticəsində 680-ci ildə bugünkü İraq ərazisində Kərbəla döyüşü baş verdi və həmin döyüşdə Əlinin oğlu Hüseyn həlak oldu. Bu hadisə bu gün də yad edilir.
Ən böyük qrup müsəlmanların 85 faizini təşkil edən və Pakistandan Şimali Afrikaya qədər yayılan sünnilərdir. Xəlifələr və osmanlılar tərəfindən təqib edilən şiələr isə bir çox yerlərdə azlıq təşkil etsələr də, İranda və əhalinin üçdə ikisini təşkil etdikləri İraqda iqtidardadırlar. Şiə və sünnilər arasında əsrlər boyu davam edən münaqişə tezliklə başa çatmayacaq.
4nspace.com