ABŞ yumşaq güc (ing. soft power) anlayışını mənimsəmiş ola bilər. Ancaq əgər iqtisadiyyatına görə ikinci yerdə gələn ölkə üçün deyiləcək bir şey varsa, o da Çinin yamsılama qabiliyyətinin yüksək olduğudur.
 
Çinin irəli sürülən Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) yumşaq gücü ən yaxşı şəkildə təmsil edir. Bir vaxtlar ABŞ-ın əhəmiyyət vermədiyi bu bankla Beynəlxalq Valyuta Fondu belə işləməyə başlayır.
 
BBC kanalının ötən həftə verdiyi məlumatlara görə, BVF-nin rəhbəri Kristin Laqard BVF-nin infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə AİİB ilə işləməsi üçün çox böyük imkan olduğunu bildirib.
 
ABŞ hökuməti isə bundan kənarda qalmaq istəməyəcək. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) rəhbər işçilərinin dediklərinə görə, ABŞ da idarəetmə struktur və standartları üzrə məlumatlandırma üçün ekspertlər və məsləhətçilər göndərməklə banka dəstək verəcək. ABŞ eyni zamanda AİİB-nin ən yaxşı təcrübələrə riayət etməsini təmin etmək məqsədilə banka qoşulmuş Avropa ölkələrinin nüfuzundan istifadə etmək üçün bu ölkələrlə işləyə bilər.
 
AİİB Çİn tərəfindən irəli sürülən çoxtərəfli inkişaf bankıdır. Bankın idarəetmə strukturunda Çinin 36 faiz payı var. AİİB Asiya-Sakit okean regionunda infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün fəaliyyət göstərir və Çinin ən son inkişaf bankı layihəsi olan BRICS bankından fərqlidir. Bu bankın əsl adı isə Çinin ötən ilin yayında Braziliya, Rusiya, Hindistan vəCənubi Afrika ilə birgə yaratdığı Yeni İnkişaf Bankıdır. Dollarla işləyən kredit təşkilatı olan BRICS bankının əsas etibarilə bu beş ölkənin və onların maraqlarına xidmət edən digər ölkələrin bazarlarına investisiya qoyması planlaşdırılır.
 
Yeni bank isə fərqlidir. Güc uğrunda köhnə üslubda gedən mübarizələri sevənlər üçün Dünya bankını əvəzləmək üçün yaradıldığı düşünülən Yeni İnkişaf Bankı AİİB yanında çox kiçik qalır.
 
“Çin qəti şəkildə qlobal maliyyə sistemində daha böyük rol oynamağa çalışır” – deyə “Ashmore Group” adlı investisiya şirkətində çalışan iqtisadçı Jan Dehn bildirir. Bu şirkət Çinin yerli istiqrazlar bazarına çıxışı olan tək-tük investisiya şirkətlərindən biridir, ona görə də, ölkəni yaxından izləyir.
 
Ötən bir neçə gün ərzində Çin Yeni İnkişaf Bankı ilə birgə birbaşa Bretton Vuds müəssilərinə, yəni BVF və Dünya Bankına rəqib olan AİİB üçün Avropadan diqqətəlayiq dəstək görüb.
 
Dünya Bankı uzun müddət ən yoxsul ölkələrdə həyat səviyyəsini yaxşılaşdırmağa çalışıb. Bu müəssisə Amazonda sənayeni gücləndirməyə kömək edəcək böyük bəndlərin tikilməsində maraqlı deyil.
 
“Yeni yaranan bazarların genişlənməsinə ən önəmli əngəl xaricdən yox, infrastrukturun düzgün qurulmaması ilə daxildə yaranır. İnkişafı çox sürətlə gedən ölkələrdə özəl sektor son on illiklərdə kəskin şəkildə genişlənib, lakin dövlət sektorunun infrastrukturu genişləndirmək imkanı bununla ayaqlaşa bilməyib.” – Dehn bildirir. O, bunu da əlavə edir ki, Qərb dövlətlərinin maliyyə təzyiqləri və nizamlayıcı tədbirlər institusional investorların infrastruktur layihələri üçün lazımı maliyyələşdirməni təmin etmələrini qeyri-mümkün edib.
 
Aydın görünür ki, qlobal tələbin və qlobal inkişafın gücləndirilməsinin ən mümkün yolu şəhərlərin salınması və metro sistemlərinin yaradılması üçün yüz milyardlar xərcləyən Çin kimi ölkələrdə infrastrukturun düzgün qurulmamasının səbəbi olan təklif məhdudiyyətlərinin aradan qaldırılmasıdır.
 
AİİB-ə üzv olan Hindistan üçün infrastruktur təkcə biznes üçün yox, tullantı sularının təmizlənməsi kimi əsas ehtiyaclar üçün də zəruridir.
 
Dünya Bankının Hindistana verdiyi ən son və ən yüksək kredit kiçik və orta ölçülü müəssisələr üçün 500 milyon dollar olub. 2014-cü ildə Dünya Bankı Mizoram ştatında magistral çəkilməsi üçün isə 107 milyon dollar məbləğində kredit verib.
 
Çin bu cür layihələrin daha çox olmasını istəyir. Bu ölkənin zəruri olmayan şeylərə belə xərcləyəcək qədər çox pulu var və artıq regionda kapital mənbəyinə çevrilməkdədir. Çin AİİB ilə gələcəkdə Çində hazırlanmış məhsulları alacaq və ya Çinin məhsullarını hazırlayacaq inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrini maliyyələşdirə bilər. Çinin Vyetnam, Malayziya, hətta Hindistanda etibar edə biləcəyi infrastrukturlara ehtiyacı var. Hindistanın yeni “Məhsullarınızı Hindistanda İstehsal Edin” (“Make In India”) siyasəti Çin şirkətlərini Hindistanın şimalında istehsal bazaları qurmağa ruhlandırır. Burda hazırlanacaq məhsullar Hindistan və ya Sinqapur vasitəsilə Avstraliyadakı istehlakçılara göndərilə bilər.
 
AİİB-nin yaradılması təklifi ilk dəfə 2013-cü ilin oktyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) İndoneziyada keçirdiyi görüş zamanı Çinin prezidenti Si Tszinpin tərəfindən irəli sürüldü. Bank bir il sonra anlaşma memorandumu ilə təsis edildi və memorandum 21 ölkə tərəfindən imzalandı. Anlaşma memorandumunda ilkin kapitalın 50 milyard dollar olması ilə 100 milyard dollar kapital üçün səlahiyyət veriləcəyi göstərilir. Bu məbləğ BRICS bankı üçün göstərilən məbləğlə təxminən eynidir.
 
BRICS bankından fərqli olaraq AİİB-nin 32 üzvü var və bu üzv dövlətlərdən 6-sı regiondan deyil. Ötən həftə Birləşmiş Krallıq AİİB-ə qoşulacağını elan edib. Bu elan Almaniya, Lüksemburq, Fransa və İtaliyanın da oxşar bəyanatlar vermələrinə səbəb olub. Əvvəl AİİB-ə qoşulmağı rədd edən Avstraliya da bazar ertəsi fikrini dəyişdiyini bildirib.
 
ABŞ isə bu məsələdə arxa planda qalıb. ABŞ-ın Milli Təhlükəsizlik Şurası bildirir: “Düşünürük ki, istənilən yeni çoxtərəfli müəssisə Dünya Banının və regional inkişaf banklarının yüksək standartlarını özündə ehtiva etməlidir. Aparılan müzakirələrə əsasən, AİİB-nin xüsusilə idarəetmə, ekoloji və sosial təhlükəsizlik baxımından bu yüksək standartlara cavab verib-verə biləyəcəyindən əmin deyilik.” AİİB-ə qoşulub-qoşulmamaq haqqında qərar qismən ABŞ-ın Asiyadakı nüfuzu üzrə referendum hesab olunur. Artıq Avstraliya Çinin lehinə səs verib.
 
“Tarix boyu böyük qüvvələr öz maraqlarına uyğun hərəkət ediblər. Yeni böyük qüvvə də eyni şeyi edir. Şübhəsiz ki, nə ABŞ, nə də Britaniya onlardan fərqli hərəkət etməyib. Bu hadisələrin labüd olduğunu nəzərə alsaq, bütün bunlarda iştirakımız daha böyük önəm daşımağa başlayır, çünki bu, bizə hadisələrin gələcək istiqamətlərinə təsir etmək və formalaşdırmaq imkanı verir.” – Yeni Cənubi Uels Universitetinin (University of New South Wales) beynəlxalq hüquq üzrə professoru Ross Bakli (Ross Buckley) “The Sydney Morning Herald” qəzetinin veb səhifəsində yazıb.
 
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitikləri isə belə düşünürlər ki, ABŞ Çinin nüfuz və prestijinin artmasına qarşı mübarizə aparacaq, ancaq bunun qarşılığında regional və qlobal inkişaf əldən gedə bilər.