Bakı. 4 aprel. REPORT.AZ/ Qaradağ rayonunda dövriyyəyə saxta pul əskinasları daxil etmək istəyən şəxslər saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, cari ilin mart ayı ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakinləri Azər Əhədova, Nənəqız Həşimovaya və Elman Bayramova məxsus (şərik) mağazadan ərzaq məhsulları alıb və ödəniş kimi hər birinə 20 manatlıq əskinas verib. Əskinasların saxta olması müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əskinasları verən şəxslərin qəsəbə sakinləri Məhəbbət Şəmilzadə və Davud Azadxanlı olması müəyyən edilib və onlar tutulub.
D.Azadxanlıya məxsus Ələt qəsəbəsində yerləşən internet kluba baxış zamanı rəngli printer və skaner aparatları aşkar edilərək götürülüb. 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.