İsmayıllı, 3 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə əhalisinin kütləvi tibbi müayinəsi ilə əlaqədar keçirilən aksiya respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da mütəşəkkilliklə davam etdirilir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, İsmayıllı rayonu üzrə 70 min nəfərə yaxın əhalinin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub. Fevralın 2-də başlanan aksiyadan indiyədək 43 min nəfərə yaxın sakin yararlanıb. 36 yaşayış məntəqəsində tibbi müayinələr tam başa çatıb. Müayinədən keçənlərin 920 nəfərinə ambulator müalicə təyin olunub, 113 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha geniş müayinəyə ehtiyacı olan 23 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Vətəndaşlara xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin olunur.
Qeyd edək ki, rayon mərkəzi xəstəxanası tərəfindən təşkil olunan briqadalar əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanlarda həyata keçirirlər.
İsmayıllılar onların sağlamlığının qorunmasına xidmət edən xeyirxah aksiyanı yüksək qiymətləndirir, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
