Bakıda qızıl mağazası qarət edilib. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan qızıl əşyalar aparıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, 36 yaşlı İlqar Hacıyev tutulub. Ondan 0,18 qram heroin götürülüb. 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus, içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.

Bölmədən öyrəndik ki, İ.Hacıyev mağazaya girərək qızıl boyunbağı və qolbağı satıcıdan alaraq baxmaq istədiyini deyib. Qızılı alandan sonra isə qaçıb. Polis əməkdaşları onu elə qaçarkən tutublar. 
İ.Hacıyev ötən ilin iyununda həbsdən azadlığa buraxılıb. O, oğurluq etdiyinə görə 5 il cəza çəkib.

Anar Məmmədov
Milli.Az