Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu ilin ilk iki ayı ərzində suçiçəyi epidemiyası yenə özünü göstərməyə başlayıb. Amma xəstələnənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəliyin kökünün kəsilə bilməməsinin səbəbi Azərbaycanda buna qarşı immunlaşdırma tədbirlərinin aparılmamasıdır.Məktəblilər arasında suçiçəyi epidemiyası yayılıb
Dünyada bu xəstəliyə qarşı peyvəndləmə aparılır. Lakin bizdə suçiçəyinə görə vaksin tətbiq edilmir. Bu xəstəlik əsasən məktəb yaşlı uşaqlar arasında yayılır. Suçiçəyi hava-damcı yolu ilə keçdiyindən bir-birilə ünsiyyətdə olan uşaqlar tez yoluxa bilirlər.
Soyuq aylarda suçiçəyi xəstəliyi daha çox yayılır. Bunun da səbəbi havaların soyuq keçməsi və immun sisteminin zəifləməsilə əlaqədardır.
“Suçiçəyi keçirməyən uşaqlar keçirənlərlə təmasda olublarsa, o zaman onun bu xəstəliyə tutulması ehtimalı çox yüksəkdir”, – deyə baş pediatr Nəsib Quliyev bildirib.
Suçiçəyinə yoluxan uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. Xəstəlik nəticəsində ağırlaşmalar da meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya, hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir.
“Suçiçəyi yoluxucu xəstəlikdir. Bunun da digər yoluxucu xəstəliklər kimi ağır fəsadları ola bilər. Əgər müəyyən qaydalara riayət olunmasa, ağırlaşma verə bilər”, - deyə həkim Şüküfə Əlikişibəyova qeyd edib.
Uşaqlarla müqayisədə böyüklər bu xəstəliyi daha ağır keçirirlər. Ondan qorunmaq məqsədilə ilk öncə xəstə uşaqlar bağca və məktəblərdən təcrid edilməlidirlər. Xəstə ilə təmasda olmuş uşaqlar üzərində isə nəzarət artırılmalıdır. Təmasda olmuş uşaqlara spesifik immunoqlobulinlərin vurulması yoluxma hallarının xeyli azalmasına səbəb olur.
Xəstəlikdən sonra güclü immunitet yaranır. Amma buna baxmayaraq nadir hallarda təkrar xəstələnmə müşahidə edilə bilir. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə yoluxurlar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

