Rəqib partiyalar cəbhəçilərin iddialarına istehza ilə yanaşır
Ötən ilin sonlarında hakimiyyəti təmsil edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Əli Həsənov və müxalifət partiyası sədrlərinin iştirakı ilə keçirilən iqtidar-müxalifət danışıqları cəmiyyətdə böyük rezonans doğurdu. Lakin siyasi təşkilatlar və ölkə ictimaiyyəti belə dialoqların keçirilməsini alqışlasa da, xarici dairələrlə münasibəti kifayət qədər bəlli olan AXCP bütün mümkün imkanlarından istifadə edərək, hökumətin atdığı bu addımı da gözdən salmağa çalışdı. Bu fəaliyyət indi də davam etdirilir, növbəti mitinq öncəsi digər partiyaların gözdən salınması üçün müxtəlif tədbirlərə əl atılır. Belə ki, AXCP-nin Fransaya sığınmış mətbuat xidməti rəhbəri Natiq Ədilov vasitəsilə bu istiqamətdə növbəti addım atılıb və “Azadlıq” qəzetində ölkədəki partiyalar haqda tənqidi fikirlər yazılıb.

Ancaq N.Ədilovun siyasi təşkilatlar haqda səsləndirdiyi ittihamlar digər partiyalar tərəfindən qəbul edilmir. Bu mövzuda fikirlərini bizimlə bölüşən partiya sədrləri artıq tək bir partiyanın müxalifətçiliyi tipli mövzuların zamanının keçdiyini, AXCP-nin heç də iddia etdiyi qədər güclü olmadığını, təşkil etdiyi mitinqlərin bunun əsas göstəricisi olduğunu dedilər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, onun partiyası mitinq keçirərsə, təkbaşına daha çox adam cəlb edər, nəinki Milli Şura: “Partiyamızın əvvəllər təşkil etdiyi mitinqlər yəqin ki, çox adamın yadındadır. Tək partiya olaraq, birləşmiş Milli Şuranın topladığı adamlardan dəfələrlə çox adam yığırdıq. Əgər dedikləri kimi, tək müxalifətçi onlardırsa və ölkədə bu qədər problem varsa, o zaman təşkil etdikləri mitinqlərinə minlərlə adam gəlməli idi. Belə zəif və az sayda adamla keçirilən mitinqlər, kütləviliyin olmaması partiyanın real reytinqinin, xalq tərəfindən onlara olan dəstəyin səviyyəsinin göstəricisidir. Özləri bir uğursuzluğa düçar olanda dərhal bunu kiminsə boynuna atmağa çalışırlar. Son mitinqlər göstərir ki, nə qədər pul töksələr də, əziyyət çəksələr də hamısı boşunadır”.

S.Cəlaloğlunun fikrincə, mitinqlərin zəif keçməsinin bir səbəbi var ki, o da elektoratın olmamasıdır: “Faktiki olaraq, xalq tərəfindən dəstəklənmirlər. Əli Kərimli özü də yaxşı bilir ki, biz bir qəpik xərcləmədən, üzvlərimizin fədakarlığı ilə güclü mitinqlər keçirmişik. Sadəcə olaraq, indi mitinqlərin keçirilməsinə ehtiyac görmürük. Xalqın mitinqlərə gəlməməsi göstərir ki, doğrudan da, mitinqin keçirilməsi üçün heç bir sosial sifariş yoxdur. Bir partiya sosial sifarişi nəzərə almadan, öz subyektiv fikri ilə getsə, o, uğursuzluğa düçar olacaq. Ortada sovet hökuməti kimi bir fakt var. O boyda dövlət yaratdılar, 70 ildən artıq saxlaya bilmədilər. Mən dəfələrlə demişəm ki, xalqla işləmək üçün interaktiv əlaqə lazımdır. Onlar müəyyən bir şeyi tələb etməli, biz təklif verməliyik. Xalq mitinq keçirməyi tələb etmədiyi müddətdə hər zaman bu cür zəiflik müşahidə edəcəyik”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, mitinq keçirməyən partiyalara qarşı ittihamlar səsləndirmək yersizdir. Çünki mitinq keçirmək müxalifətçiliyin əlaməti deyil: “Bu cür fikirlər tez-tez səsləndirilir. Düşünürəm ki, real müxalifətçilər Azərbaycan cəmiyyətinə öz fikirləri, ideyaları ilə təsir edənlərdir. Ona görə də mitinq keçirmək məsələsini əldə bayraq etmək lazım deyil. Çox təəssüf ki, bu reallığı hələ də yanlış anlayanlar var. Müxalifətçilik üçün mitinq heç vaxt meyar ola bilməz. Əsl meyar əhalinin dəstəyidir. Əgər bu dəstək mitinq vaxtı üzə çıxmırsa, o zaman real müxalifətçilikdən danışmaq həddən artıq yersizdir. Məncə, bu, köhnəlmiş mübarizədir, müxalifətçiliyin belə tanıtımı yolu artıq tarixə qovuşub.
Partiya sədri qeyd etdi ki, hazırda əsas məsələ müxalif mövqedə olub-olmamasından asılı olmayaraq, cəmiyyətə təsir edə bilmə bacarığının olmasıdır: “Ona görə də mitinqlə öyünməyin mənası yoxdur və yersiz iddialardır. Özünə real müxalifət adı qoyanda heç bir qurum və ya cəmiyyət tərəfindən xüsusi status verilmir. Gücü təhsillə qazanmaq lazımdır. Əsas sual budur ki, siz hansı layihəni həyata keçirirsiniz və xalq bunu dəstəkləyirmi? Faktiki olaraq, güclü dəstəkləri yoxdur. Mitinqlər göstərir ki, əhali heç bir çağırışa ciddi reaksiya vermir. Bu o anlam daşıyır ki, Azərbaycanda təsir imkanları güclü olan müxalifət partiyası demək olar ki, yoxdur”.

Ədalət Partiyası sədri İlyas İsmayılov söylədi ki, hər kəsin müxtəlif cür fikirləri olur: “Bu da onların düşüncəsidir. Kiminsə dediklərinə, düşüncələrinə müdaxilə edə bilmərəm. Amma bu o demək deyil ki, mən deyilənlərlə razılaşıram. Qətiyyən. Bu cür sözlərlə razılaşmaq heç bir halda mümkün deyil. Belə olarsa, səsləndirilən ittihamlarla razılaşırmışam kimi görünə bilər. Ona görə deyirəm ki, bu kimi sözlər yanlışdır. Çünki mən özümüzü müxalifət partiyası hesab edirəm. Deyilənlər yalnız başqalarının fikirləridir, fakt, dəqiq məlumat yox. Xalq özü bilir kim kimdir. Ona görə də nə istəyirlər danışsınlar, desinlər. Mənim fəaliyyətimə gəldikdə isə, Milli Məclisdəki çıxışlarım da, hərəkətlərim də hamıya məlumdur. Qoy nə cür istəyirlər danışsınlar. Amma bir şeyi unutmasınlar ki, müxalifətçiliyi inhisara götürmək mümkün deyil. Heç buna cəhd də etməsinlər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli də düşünür ki, hər kəs müxtəlif iddialarda buluna bilər. Bu, hər kəsin şüuruna və məntiqinə uyğun olan bir məsələdir: “Əgər bir neçə müddət öncə AXCP-dən olan istefaları, həmin şəxslərin açıqlamalarını nəzərə alsaq, onların müxalifətçiliyi, siyasi partiyaçılıq yönündə apardığı fəaliyyəti haqda deməyə söz qalmayıb. Nəticə etibarı ilə fəaliyyətləri saxta profillərdən ibarətdir. Faktiki olaraq, bundan uzağa gedə bilməyiblər. Təbii ki, bu, bizim iddialarımız deyil. Öz içlərində olan adamların etiraflarıdır. Facebookda saxta profillərin sayını artırmaqla üzvlərinin artdığını düşünürlərsə və bundan xoşbəxt olurlarsa, eybi yox, olsunlar. Mane olmayaq, qoy işlərini görsünlər. Amma bu cür fəaliyyət partiyaçılıq, müxalifətçilik deyil”.

Kaspi.az