Bakı, 1 aprel AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin baş mütəxəssisi İlhamə Mirzəliyeva Mərakeşin paytaxtı Rabatda elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində İ.Mirzəyeva Milli Aqrar Tədqiqatlar İnstitutunda (İNRA) “Genbankların sənədləşdirilməsində informasiyanın idarə olunması, bitkilərdə faydalı əlamətlərin aşkarlanmasında və kolleksiyaların təhlilində istifadə edilən informasiya texnologiyaları” mövzusunda beynəlxalq təlim kursunda iştirak edib.
Kurs Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz tərəfindən, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun maliyyə dəstəyi ilə təşkil olunub.
Dünyanın 15 ölkəsindən 20-dək gənc alim və mütəxəssisin qatıldığı kursun əsas məqsədi biomüxtəlifliyin qorunub saxlanması və səmərəli istifadəsinə, səciyyələndirmə məlumat bazalarının yaradılmasına cəlb edilən müasir informasiya texnologiyalarının və müvafiq proqram təminatının öyrədilməsi, onların vasitəsi ilə təhlillərin aparılması, genbank idarəçiliyində informasiya xarakterli problemlərin araşdırılması idi.
İ.Mirzəliyeva kursu müvəffəqiyyətlə başa vuraraq beynəlxalq sertifikata layiq görülüb.