Ötən ayın əvvəllərində ABŞ prezidenti Barak Obama qəfil bəyanatı ilə bir sıra ölkələrlə yanaşı, elə rəhbərlik etdiyi administrasiyanı da heyrətləndirdi. Ağ Evin qaradərili sahibi etiraf etdi ki, Ukraynadakı hakimiyyət dəyişikliyinin, yəni Viktor Yanukoviçin prezident postundan kənarlaşdırılmasının və ümumiyyətlə, Maydan hərəkatının "vasitəçisi" Vaşinqton olub.
Başqa sözlə desək, Ukraynadakı olaylara görə Barak Obama ABŞ-ın bilavasitə məsuliyyət daşıdığını boynuna aldı.
Beləcə, ABŞ tarixində ilk dəfə olaraq prezident rəhbərlik etdiyi ölkənin başqa dövlətin daxili işlərinə çox kobud şəkildə müdaxiləsini etiraf etdi.
Amma sensasiya alınmadı.


Çünki siyasətə azacıq olsa da, bələd olanlar bilirlər: İkinci Dünya Müharibəsindən sonrakı proseslərin istisnasız olaraq hamısında ABŞ həmişə ən aktiv tərəf kimi çıxış edib.
21-ci əsrin əvvəllərindən bəri ABŞ dünyanın müxtəlif ölkələrindəki "rəngli inqilab"ların ssenari müəllifi və rəhbəri olduğunu həmişə, hər yerdə və hər vəchlə inkar edərək, belə davranışın "beynəlxalq münasibətlərin diplomatik normalarına zidd olduğunu" vurğulayırdı.
Barak Obamanın fevral açıqlamasının yaratdığı effekti bir qədər zəiflətməyə çalışan Ağ Ev dərhal təkziblərə əl atdı.
Birləşmiş Ştatların dövlət katibi Con Kerri ölkəsinin hər hansı "rəngli inqilab"da əli olmadağına dünya birliyini inandırmaq üçün hələ də dəridən-qabıqdan çıxmaqda ikən məşhur amerikalı jurnalist Veyn Madsen yazdı: "Con Kerri deyir ki, dünyanın müxtəlif məkanlarındakı "rəngli inqilab"larda Vaşinqtonun əli yoxdur. Cənab dövlət katibinə içində 64 rəngli karandaş olan qutu yollamaq lazımdır. Slobodan Miloşeviçin devrilməsindən bəri Vaşinqtonun hazırladığı hər "rəngli inqilab"a bir karandaş..."
Vaşinqtonun birbaşa iştirakı və dəstəyi ilə gerçəkləşdirilən "rəngli inqilab"lar, əslindəsə dövlət çevrilişlərinin siyahısı qısa deyil.


Gürcüstanda "qızılgüllər inqilabı", Ukraynada "narıncı inqilab", Livanda "sidr inqilabı", Fələstində "zeytun inqilabı", Qırğızıstanda "lalələr inqilabı", habelə Yuqoslaviya, Küveyt, Liviya, Birma, İranın daxili işlərinə kobud müdaxilələr. Daha sonqra Monqolustan, Moldova, Özbəkistan, Ekvador, Venesuela, Boliviya, Belarus və Azərbaycanda ölgün müxalifəti "diriltmək", ölkənin daxili işlərinə çox kobud və aqressiv şəkildə burun soxmaq cəhdləri.
Həmin cəhdlərin uğursuzluğa düçar olması Vaşinqtonun niyyətlərindən əl çəkdiyini göstərmir. Əksinə, təcrübə göstərir ki, Ağ Ev heç nəyi unutmur, məqsədlərinə çatmaq üçün heç nədən vaz keçmir və yeni "rəngli inqilab" ssenarilərinin reallaşdırılması Vaşinqtonun daha uyğun, münasib saydığı vaxtlaradək ertələnib.
Görünən budur ki, amerikalıların “rəngli inqilab” zərbəsindən dünyanın heç bir ölkəsi sığortalanmayıb.
Belədirsə,
Növbədə hansı ölkədir?
“Rəngli inqilab”lar məsələsində ABŞ ilk əvvəl qlobal əmək və qlobal kapital bazarlarında amerikalıların diktəsindən kənarlaşmağa, milli valyutalarını dolların asılılığından çıxarmağa, habelə daxili siyasətdə Vaşinqtonun diqtəsindən qurtulmağa çalışan, xarici siyasətdə amerikalıların marionetkası olmaq istəməyən ölkələri hədəfə alır.
Vaşinqton maraqlarının təhlükəyə düşdüyü bölgədə prosesləri kontrolda saxlamaq üçün “oyun pozan” dövlətin hakimiyyətini devirmək üçün ssenari hazırlayır və lokal oyuna başlayır.
Amerikalılar “demokratik müxalifətin rəhbərlik etdiyi kütləvi etiraz aksiyaları” kimi qələmə verilən operettalar vasitəsilə “rəngli inqilab”ları həyata keçirməklə postsovet ölkələrində də mənafe təminatı dairəsinin məhdudlaşmasına imkan verməməyə çalışırlar.


Azərbaycan da indiyədək dəfələrlə ABŞ diplomatlarının yöndəmsiz, aqressiv və kobud açıqlamalarına hədəf olub. İlk baxışdan paradoksal görünə bilər: ancaq “strateji müttəfiq və dost ölkə” adlandırdığı Azərbaycanı az qala bütün siyasi, iqtisadi, hətta sosial məsələlərdə Vaşinqtondan alınan göstərişlərlə idarə olunan, az qala yeni Puerto-Rikoya çevrilən ölkə kimi görmək istəyən, dövlətimizi Ağ Evin təlimatlarını yerinə yetirən miskin məkana çevirmək istəyən amerikalı siyasətçilər və ümumiyyətlə, siyasi dairələr məqsədlərini gizlətmirlər.
İş o yerə çatır ki, ABŞ-ın Bakıdakı səfiri Azərbaycan hakimiyyətinə idarəetmə dərsləri keçməyə cəhd göstərmiş və hər şeyi öz adı ilə çağırsaq, diplomatik tərbiyəsizliyi ilə yerli müxalifətə dəstək verdiyini göstərmişdi.
Heyhat, sistemsiz, dağınıq fəaliyyət göstərən, kütləvi dəstəyi olmayan, kliniki ölüm durumuna düşən orqanizmə bənzəyərək fəaliyyəti ən yaxşı halda “Gənc naturalistlər” və ya “Həvəskar ekoloqlar” dərnəyinin toplantılarını xatırladan müxalifətimizə Vaşinqtonun ayırdığı on milyonlarla dollar pul, siyasi dəstək və aşkar stimullaşdırma heç bir nəticə verməyib, bundan sonra da amerikalıların nəyəsə nail olacaqları mümkün deyil.
Azərbaycan müxalifətindəki xaosla yanaşı, ideya boşluğu, lidersizlik, habelə özlərini lider sayanların avtoritarizmə və əksər hallarda merkantil maraqların təminatına yuvarlanmaları onların “qələbə”lərini xülyaya çevirir.


Vaşinqton bunu görür.
Amerikalı siyasətçilər onu da anlayırlar ki, xam neft və təbii qazını Qərbə satsa da, Azərbaycan məhz ABŞ-ın nəzarəti, diktəsi və “himayəsi” ilə Avropa Birliyinə inteqrasiya olunmaq niyyətində deyil.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin, indi də inşa ediləcək TANAP və TAP layihələrinin rəsmi Bakını Ağ Evdən tam asılı vəziyyətə salacağı və ölkəmizi Baltikyanı dövlətlərin oxşarına çevirəcəyi ilə bağlı təxminlər də puç olub.
Azərbaycan müstəqil xarici siyasət yeridir, ilk əvvəl milli maraqlarının təminatına yönəlmiş tarazlaşdırılmış, balans diplomatiyasını gerçəkləşdirir.
Üstəlik, Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, maliyyə, hərbi-texniki sahələrdəki əlaqələrin aktivləşməsi də təbii ki, Ağ Evi razı salan məqamlar deyil və ola da bilməz.
Məhz bu səbəbdən bir zamanlar Belqrad, sonralar Tbilisi, Bişkek, Kiyev, habelə ərəb ölkələrində sınaqdan çıxarılmış ssenariləri Vaşinqton Bakıda həyata keçirmək istəyir.
Necə yaradılır?
“Rəngli inqilab”ların hazırlanma və yaradılma mexanizmi çox sadədir. Vaşinqton hədəfə aldığı ölkədə ilk əvvəl “demokratik müxalifət” adlanan qruplaşmaları, yəni əslində mövcud hakimiyyətin devrilməsində maraqlı olan dəstələri maliyyələşdirir, sonra kütləvi informasiya vasitələrində manipulyasiyalara və ölkə daxilində siyasi çəkişmələrə start verilir.
Bu baxımdan “rəngli inqilab”lar zahirən universal liberal dəyərlərə dəstək verilməsi formatında aparılan mübarizə təsiri bağışlayır. Əslində isə Vaşinqtonun taktikası qeyri-ənənəvi savaş metodu olmaqla yanaşı, mədəni imperializmin son mərhələsidir.


ABŞ maraqlarını təmin etmək üçün hədəfə aldığı dövlətlərdə siyasi məqsədlə xaosun yaradılmasına yönəlmiş metodlara əl ataraq savaşların faktiki olaraq 4-cü, yeni nəslini inkişaf etdirir. "Rəngli inqilab"lar Avropada, özlərini Vaşinqtonun sadiq dostu və daimi müttəfiqi sayan ölkələrdə də istisna deyil.
Ən yeni tarix bunu göstərir.
Yaşananlar Avrasiyada ABŞ imperializminin yeni hucumunun aktivləşdiyini də sərgiləyir.
Avropa Birliyinə gəldikdə isə, bu qurum beynəlxalq maliyyə strukturlarının Avropa ölkələrinin kredit təşkilatları və iqtisadiyyatı üzərində hakimliyi, güclü dövlətlərin zəifləri ram etməsi nəticəsində yaradılıb və NATO-nun qitəyə tam strateji nəzarətinin təminatına xidmət edir.
Yaradılanda bəyan olunduğu "sırf müdafiə səciyyəsi"ni çoxdan itirmiş NATO isə hazırda ABŞ-ın rəhbərliyi ilə dünyada birqütblü siyasi sistemin təhdidlər, aqressiya və təzyiqlər vasitəsilə bərqərar olunmasına yönəlmiş alətə çevrilib.
Ukraynadakı Maydan aksiyaları isə ABŞ-ın müxtəlif qitələrdə və ölkələrdə fərqli variantlarını sınaqdan çıxarmaqda olduğu hibrid savaşın ayrılmaz hissəsinə dönməkdədir.
Bu səbəbdən də "rəngli inqilab"ları "rəngli işğal" adlandırmaq daha düzgün olardı: nədən ki, bu prosesin arxasında daxili yox, xarici səbəblər və maraqlar durur.
ABŞ-ın davranışı nəticəsində dünya siyasətinin məzmunu ilə yanaşı, münaqişələrin formatı da dəyişməkdədir. Daha dəqiq olsaq, Ağ Ev kontekstual siyasi təhlil qismində Ronald Benedikter sistemindən faydalanmağa başlayıb.


ABŞ-ın Müdafiə Nazirliyinin və Dövlət Departamentinin ən qapalı, nüfuzlu analitiklərindən hesab olunan R.Benedikterin fikrincə, hazırda dünya siyasətində qlobal sistem yerdəyişmələri başladığından Vaşinqton "maraq dairəsində olan ölkələrdə və regionlarda məqsədlərini nəyin bahasına olursa-olsun, təmin etməlidir".
Yəni faktiki olaraq Vaşinqton hərbi əməliyyatlar, silahlı münaqişə və sosial narazılıqlar arasındakı sərhədləri dağıdaraq kütləvi etiraz aksiyalarını hazırlayaraq idarə edir, moderator rolunda çıxış edir, sürəkli olaraq "demokratik qüvvələr və fəallar" hazırlayır.
Suriyada prezident Bəşər Əsədə qarşı "demokratik müxalifət"in silahlandırılması, Liviyada "mütərəqqi müxalifət"in hazırlanması və döyüşçü dəstələrə çevrilməsi, daha sonra Əlcəzair, Tunis, Mərakeş, Misirdəki olaylar - bütün bu proseslərdə amerikalı təlimatçıların fəal iştirakını Vaşinqton da danmır.
Suriyadakı müxalifətin əhəmiyyətli qisminin sonradan İŞİD-ə çevrilməsi, Liviyadakı "demokratik fəallar"ın indi başıpozuq dəstələrə və quldur yığnaqlarına dönməsi isə Vaşinqtonun "o qədər də önəmli olmayan geosiyasi xırdalıqlar" hesab etdiyi məsələlərdir.


Fəalların hazırlanması, sonra onların təcrübəsinin yeni mərhələyə verilməsi texnologiyasına biznesdə "kouçinq" deyilir.
ABŞ indi məhz "kouçinq savaş"lar aparmaqla məşğuldur.
Məsələn, Çindəki hakimiyyəti devirmək üçün ABŞ əvvəlcə Tibetdə, sonra da Honkonqda kütləvi etirazları alovlandırdı.
Honkonqdakı "çətirlər inqilabı" adlı siyasi məzhəkədə məşhur maliyyəçi, çoxsaylı "rəngli inqilab"larda "iz"lər qoymuş Corc Sorosun qızı Andrea Sorosun yaratdığı və rəhbərlik etdiyi "Trace Foundation" ilə "Tsadra Foundation" təşkilatları Tibetdəki etiraz aksiyalarını bilavasitə maliyyələşdirməklə məşğuldur. Bundan başqa, Vyetnam, Laos, Tailand və Myanmadakı "rəngli inqilab" cəhdlərinin arxasında da Dövlət Departamentinin siyasi dəstək verdiyi sözügedən qurumlar durur.
İş o yerə çatıb ki, "Tsadra Foundation"ın saytında Çinlə Myanmada inqilablara çağırışlarla zəngin mətnlərin sayı sürətlə artır.
... ABŞ qlobal miqyasda hegemonluğa nail olmaq üçün "rəngli inqilab"ları effektiv vasitə sayır və illər əvvəl başladığı prosesi dayandırmaq niyyətində də deyil.
İndi məsələ "rəngli tor"a düşməməkdir.
Orxan Hun
Milli.Az