Yaxın 3 ildə bu cür dayanacaqlar paytaxtın bütün əsas küçələrində inşa ediləcək

Bakıda avtomobil tıxacların qarşısının alınması məqsədilə bir neçə yerdə yeraltı dayanacaqları tikilir. Hazırda “Sahil bağı”nda, Səməd Vurğun küçəsində yeraltı avtomobil dayanacaqlarının tikintisi davam etdirilir. Gələn ilin əvvəllərində yeraltı dayanacaqların sayını 10-a çatdırılması nəzərdə tutulub. Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, 3 və daha çox mərtəbədən ibarət olan dayanacaqların hər birində orta hesabla 500-dək avtomobilin saxlanılması mümkün olacaq. Burada saxlanılacaq avtomobillərin təhlükəsizliyi üçün də təminat veriləcək.

Nazirlikdə deyirlər ki, gələn il şəhərin mərkəzi ərazilərində bir neçə yerüstü avtomobil dayanacaqlarının da tikilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və gələn ilin əvvəlində həmin dayanacaqların tikintisi bir qədər də sürətləndiriləcək.

Xatırladaq ki, dayanacaqlarda xidmət pullu olacaq. Artıq belə dayanacaqların sayının artırılması məqsədilə bir neçə xarici şirkətlə razılaşma da əldə olunub. 2011-ci ilədək isə bu cür dayanacaqların paytaxtın bütün əsas küçələrində inşa edilməsi nəzərdə tutulub.

Elxan SALAHOV