Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Bakı şəhərində yerləşən hərbi hissələrin birində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin qanlı izləri” adlı tədbir-sərgi keçirilib.
Sərgidə Azərbaycan İstiqlal Muzeyində saxlanılan soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı çıxış edərək bildirib ki, 31 mart soyqırımı XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin azərbaycanlılara qarşı uzun illər apardığı ardıcıl etnik təmizləmə və soyqırımı nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. XIX-XX əsrlərdə xalqımızın başına gətirilən faciələr torpaqlarımızın zəbt olunması ilə nəticələnib və ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Uzun illər gizli saxlanılan və təhrif olunan tarixi hadisələr yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz həqiqi qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Tədbirdə şagirdlər kompozisiya ilə çıxış etdilər və Avrasiya Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş “Bakı soyqırımı” adlı sənədli film nümayiş olunub.