Regionlarda növbəti əmək yarmarkaları keçiriləcək
İş axtaran şəxslərin layiqli iş yerləri ilə təmin olunması və işsizliyin aradan qaldırılması üçün dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir. 2007-ci ildən başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələbələrinə aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunmaları məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş Planına əsasən, gələn aydan respublikamızın bölgələrində növbəti əmək yarmarkalarının keçirilməsinə başlanacaq. Bütövlükdə il ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş (vakant) iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjalarının iştirakı da təmin ediləcək. Bununla yanaşı, "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılır.

Onu da bildirək ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən 28 995 nəfərə rəsmi işsiz statusu verilib. Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, regionlarda əmək yarmarkaların keçirilməsinə aprel ayının ortalarından başlanılacaq: “55 rayon və şəhəri əhatə edəcək bu yarmarkalardan sonuncusu noyabrın 6-da baş tutacaq. Burada hansı vakansiyaların olması ilə bağlı əlimizdə konkret informasiya yoxdur. Çünki regionlar üzrə əmək bazarında mövcud olan tələbatlara əsasən vakansiyalar da müxtəlif olacaq. Ötən ilki təcrübəyə əsaslanaraq deyə bilərəm ki, İsmayıllı rayonunda tikinti, istehsalat müəssisələri, konserv zavodları kimi xidmət sahələrində vakansiyalar daha çox üstünlük təşkil edir. Bu il üçün hələ ki yarmarkamız olmayıb”.

K.Həsənovun sözlərinə görə, ötən il respublikanın rayonlarında 60 yarmarka keçirilib: “Yarmarkalar icra hakimiyyətləri ilə razılaşdırılır. İcra hakimiyyətlərinin istəyinə əsasən, bu yarmarkalar 5 rayonda iki dəfə keçirilib. Bizim tədbirlər planımıza uyğun olaraq hər rayonda ildə bir dəfə əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub. Ötən il regionlarda təşkil edilən əmək yarmarkalarında ümumilikdə, 2 356 müəssisə tərəfindən boş yerlər təqdim olunub. 20 628 vakant iş yerləri vətəndaşların ixtiyarına verilib. 5 753 nəfər işsiz vətəndaşa münasib işlərə göndəriş verilib. Onlardan da 4 838 nəfəri münasib işlə təmin olunub. Əmək bazarının tələblərinə uyğun olaraq 396 nəfər peşə hazırlıq kurslarına, 204 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub”.

Əhali arasında əmək yarmarkalarına böyük maraq olduğunu deyən K.Həsənov qeyd etdi ki, Bakı Şəhəri Məşğulluq Mərkəzi tərəfindən Bakının 11 rayonunda mütəmadi olaraq mini yarmarkalar təşkil olunur: “Bakının Pirallahı rayonunda sturuktur bölməmiz yoxdur, amma 11 digər rayonda mütəmadi olaraq mini yarmarkalar təşkil edirik. Bakı Şəhəri Məşğulluq İdarəsinin müəyyən etdiyi qrafikə uyğun olaraq ay ərzində müxtəlif günlərdə 11 rayonda mini yarmarkalar keçirilir. Bu yarmarkalara “İxtisaslaşdırılmış yarmarkalar” da deyirik. Xüsusi bir sahə üzrə, məsələn, istehsalat, tikinti, turizm sektoruna aid olan müəssisələr cəlb olunurlar. Turizm üzrə müəssisələr dəvət olunursa, həmin sahə üzrə qeydiyyatda olan və iş axtaran vətəndaşlar bu yarmarkalarda iştirak edirlər. 2014-cü ildə 49 mini yarmarka keçirilib ki, bu zaman 250 nəfər münasib işlə təmin olunub”.

İqtisadçı alim Vüqar Bayramov bildirdi ki, əmək yarmarkaları işsizliyin aradan qaldırılması baxımdan atılan uğurlu addımlardandır. Bu, regionda yaşayan və iş axtaran vətəndaşların daha yaxşı işlə təmin olunmasına imkan verir: “O baxımdan yarmarkalar iş təklif edənlərlə iş axtaranlar arasında münasibətlərin qurulmasına xidmət edir. Regionlarda işlə təmin olunanların sayının artmasına gətirib çıxarır. Regionlarda belə yarmarkaların keçirilməsi məşğulluğun təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir və iş axtaranların məşğulluğunda hissedilən dəyişiklik olacaq. Burada əsas məqsədlərdən biri yarmarkalara daha çox işəgötürənlərin cəlb edilməsidir. İşəgötürənin çox olması isə əhaliyə geniş iş imkanlarının təklif edilməsi deməkdir”.

V.Bayramov deyir ki, yarmarkalarda təklif edilən iş yerlərində regionların strukturu nəzərə alınıb təqdim olunur. Region əhalisi isə daha çox maliyyə və bank sektorunda iş axtarır: “Özəl sektorların təklif etdiyi iş yerlərindən danışmaq istəyirəm. Regionlarda banklarda və yeni formalaşan sənaye müəssisələrində işləməyə maraq göstərənlər çoxdur. Bu da həmin sektorlarda əmək haqqının yüksək olması ilə bağlıdır. Bütövlükdə apardığımız monitorinqlərin nəticəsi göstərir ki, regionlarda maraq daha çox maliyyə və bank sektorunadır”.

İqtisadçı onu da bildirdi ki, əmək yarmarkalarında orta təhsilli vətəndaşların işlə təmininin genişləndirilməsi üçün xidmət sektorlarının inkişaf etdirilməsinə ehtiyac var: “Yarmarkalarda təklif edilən iş yerləri yalnız ali təhsilli şəxslər üçün olmur. Eyni zamanda orta təhsilli vətəndaşlar üçün də iş yerləri təklif olunur. Xidmət sektorunda təklif edilən iş yerləri daha çox orta təhsilli vətəndaşlar üçün nəzərdə tutulacaq. Xidmət sektorunun regionlarda genişləndirilsə, regionlarda ali təhsili olmayan vətəndaşlar üçün iş imkanları çoxalacaq. Əgər banklarda və digər maliyyə qurumlarında daha çox ali təhsillilərin işlə təmin olunmasına imkan varsa, xidmət sektorunda orta təhsilli vətəndaşların işlə təmini həyata keçiriləcək”.

Kaspi.az