Qarşıdan toy üçün ən gözəl mövsüm gəlir. Yaz aylarının hər günü demək olar ki, çal-çağırlı, toylu keçir.
Toy, yay ərəfəsində yenidən pəhrizlər işə düşür. Xüsusilə gəlinlər arasında gözəl görünmək üçün əsl ölüm-qalım savaşı başlayır.

Ən doğru pəhriz hansıdır və formanı qoruyarkən, sağlamlığa ziyan vurmamaq üçün nə edək?Bu dəfə ANS PRESS toyqabağı gəlinlər üçün pəhrizlərdən bəhs edəcək.

Arıqlamaq işini son günlərə saxlamayın. Toy söhbəti başlayan andan hədəflərinizi müəyyən edin və buna çatmağa çalışın. Doğru olan əlbətdə ki, düzgün qidalanma və idmandır. Dietoloq köməyindən istifadə etsəniz nəticə daha gözəl və sürətli ola bilər.

Çalışın bütün növ qidalardan eyni miqdarda qəbul edin. Məsələn, un məmulatları kökəldir düşüncəsi ilə onları rasiondan tamamilə çıxarmayın. Unutmayın ki, karbonhidratlar bədənimizi lazım olan enerji ilə təmin edir. Yaxşı olar ki, əal növ buğda unundan olan makaron, ağ çörək kimi məhsulları çovdar, kəpəklilər ilə əvəz edin. Onların lif tərkibi çox olduğu üçün uzun müddət tox saxlayır.

Səhər yemək yeməmək sizə sadəcə 10 dəqiqə vaxt qazandırar. Səhər yeməyi 10 saatlıq aclıqdan sonra orqanizmi günə hazırlayır və bədəni enerji ilə təmin edir. Mükəmməl səhər yeməyi yeməyə də bilərsiniz. Meyvə + yoğurt, tost + çay, 1 dilim çörək + 1 dilim pehdir də yaxşı seçimdir.

Ara yeməklərini də unutmayın. Bu atışdırmalar həm daha az yeməyinizi, həm də həzm sisteminin daha yaxşı işləməsini təmin edir. Toy təlaşı bunları sizə unutdura bilər. Amma çalışın çantanızda heç olmasa quru meyvələr, çərəzlər olsun.

Tərəvəzlər kalori dəyəri ən aşağı olan qidadır. Həm nahar, həm də şam yeməklərində tərəvəzlərlə birlikdə soyutma ət, balıq sayəsində gümrah və gözəl bədən quruluşuna sahib olmaq olar.

Gündə 2 litr su için. Su içmək metabolizmanı sürətləndirib çəki itirməyi asanlaşdıracaq. Adi su içə bilmirsinizsə ora meyvələr, darçın və ya limon əlavə edə bilərsiniz. Toy hazırlıqlarına başlayanda çantanızda mütləq su butulkası olmalıdır.

Gün ərzində fəal həyat tərzi, idman bədəninizi formaya salmağa kömək edəcək. Onsuz da toy ərəfəsində hazırlıqlarla əlaqədar gəlinlərin günü kifayət qədər hərəkətli keçir. Buna görədə həftədə iki gün bir necə saat idmana ayırmaqla rahatlıqla çəki itirə bilərsiniz.

Toy stresi yuxu rejiminin pozulmasına səbəb ola bilər. Müntəzəm yatmamaq hormon ifrazının pozulmasına yol aça bilər. Bu isə həm artıq çəki, həm də sağlamlığın pozulması ilə nəticələnə bilər.

Stresdən uzaq olub rahat yatmaq üçün çobanyastığı və sairə bitki çaylarından faydalana bilərsiniz.
Mənbə
ANS PRESS