Vəziyyət komediya həddinə çatıb. İrreallıq gerçəyi üstələməyə başlayır.
İş o yerdədir ki, amerikalıların əksəriyyəti teleseriallarda, filmlərdə və hətta animasiya lentlərində gördükləri prezident obrazlarını ABŞ prezidenti Barak Obamadan üstün sayırlar.
"The West Wing" filmindəki səmimi Cosay Bartlet və ya "House of Cards"dakı fırıldaqçı Frenk Andervudun yalnız ekrandakı qəhrəmanlar olduqlarını bilsələr də, amerikalılar onları Barak Obamadan daha ağıllı və müdrik dövlət başçısı kimi görürlər.


Reuters-in keçirdiyi son sorğulardan birinin nəticələrinə görə, Birləşmiş Ştatlardakı respondentlərin 54 faizi astagəl və ehtiyatlı idarəetmə stili ilə seçilən Barak Obamadan çox narazıdır.
Rəyi soruşulanların 46 faizisə Obamanı bəyəndiklərini deyiblər.
FOX telekanalının daimi tamaşaçıları olan amerikalıların fikrincə, aktyor Dennis Heysberqin "24 hours" serialında yaratdığı prezident Devid Palmer ABŞ-a başçılıq etsəydi, respondentlərin 89 faizi onu dəstəkləyərdi.
"The West Wing" filmində aktyor Martin Şinin yaratdığı Cosay "Ced" Bartleti isə demokratik ruhlu amerikalılar, o cümlədən Barak Obamanın administrasiyasında işləyənlərin əksəriyyəti sevir. Respondentlərin 82 faizi prezident qismində Bartleti Obamadan üstün tutub.
Nifrət ediləsi senzura
ABŞ prezidenti Barak Obamanın vədlərinə rəğmən, onun administrasiyası "İnformasiya azadlığı aktı"nı (U.S. Freedom of Information Act) kobud şəkildə pozur.
Belə ki, Ağ Ev rəsmi məlumatları və statistikanı əldə etməyə çalışan jurnalistlərə mane olaraq senzura rekordu vurub. Rəsmi qurumlar ya verdikləri məlumatları sərt senzuraya uğradıblar, ya da ümumiyyətlə, məlumat verməkdən boyun qaçırıblar. Medianı maraqlandıran, jurnalistlərin əldə etməyə çalışdıqları məlumatları yoxlamaq üçün rəsmi Vaşinqton gün keçdikcə "daha çox zamana ehtiyac duyduğunu" bildirib. Bu və digər sənədi "tapa bilmədikləri" barədə məmurların açıqlamalarını eşitmək amerikalı jurnalistlər üçün adi hala çevrilib.


Ötən ilin sonlarından bəri məmurların cavabsız qoyduqları sorğuların sayı 55 faiz artaraq 220 min sənədə çatıb. Bu, Barak Obama administrasiyasına məlumatların axtarışı və verilməsi ilə məşğul olan məmurların sayını 9 faiz azaltmağa mane olmayıb.
Medianın sorğusu əsasında rəsmi dövlət qurumlarının məlumat vermələrinin zamanı 1 gündən 2,5 ilədək uzana bilər.
Məsələn, Fergüsson şəhərindəki iğtişaşlar zamanı olaylar barədə məlumatlar verən telekanalların helikopterlərinin şəhər səmasında hərəkətini məhdudlaşdırmaq üçün polis əlindən gələni edib.
Və ən nəhayət, Hillari Klintonun dövlət katibi postunda çalışdığı zaman onun rəsmi yazışmaları, məlumatlar və faylların dövlət sirri kəsb etməyən, rutin və adi hissəsi ilə tanış olmaq üçün jurnalistlərin çoxsaylı cəhdlərinə rəğmən Dövlət Departamenti bütün sorğulara rədd cavabı verib.
Hillari Klintonla bağlı hələ 5 il əvvəl Ağ Evə ünvanlanmış sorğulara da hələ cavab alınmayıb.
Səhiyyə, iqtisadiyyat və terror xofu
Dünyanın ən qüdrətli, güclü və potensiallı ölkəsi sayılan ABŞ-da yaşayanları ən çox narahat edən problemlər hansılardır?
"Gallup" bunu araşdırmaq üçün yeni sorğu keçirib. 50 ştatda və Kolumbiya federal dairəsindəki sorğunun nəticələrinə görə, orta statistik amerikalını ən çox əndişələndirən məsələlər ölkədəki səhiyyə sistemi və iqtisadiyyatın vəziyyəti, habelə terrorizm qorxusudur.


Respondentlərin 53 faizi ən ciddi problemin səhiyyə sistemi, 54 faizi iqtisadi vəziyyət, 51 faizi isə ölkə ərazisində teraktların törədilməsi təhlükəsi olduğunu göstərib.
Özü də terror aktları ehtimalından narahat olanların sayı 2014-cü illə müqayisədə 12 faiz artıb.
Birləşmiş Ştatlarda müxtəlif irqlərdən olan vətəndaşlar arasındakı münasibətlərdən narazıların sayı 11 faiz artaraq 28 faizə çatıb. Amerikalıların 46 faizi sosial sığorta, federal hökumətin qüvvəsi və imkanları, habelə milli sərvətlərin bölüşdürülməsindən kəskin narazıdır.
Respondentlərin 43 faizi aclıq, evsizlik, cinayətlərin və zorakılığın artmasını; 39 faizi qanunsuz mühacirəti; 38 faizi narkoticarətin genişlənməsini və narkomanların sayının artmasını; 37 faizi isə işsizlik səviyyəsinin yüksəlməsini ABŞ-ın üzləşdiyi ən ciddi problemlər sayır.


Ekspertlər onu da vurğulayırlar ki, Fergüsson şəhərindəki iğtişaşlardan sonra Birləşmiş Ştatlarda müxtəlif millətlərdən, irqlərdən və dinlərdən olan insanlar arasındakı münasibətlərdə gərginlik artıb.
Orta sinif məhv olur
"The Pew Charitable Trusts"ın keçirdiyi yekun sorğunun nəticələri göstərir ki, ABŞ-da vətəndaşlar arasında təbəqələşmə güclənir, varlılarla kasıblar arasında uçurum böyüyür. Vaşinqtonun qlobal miqyasdakı təbliğatının "bel sütunu", Ağ Evin təşviqat materiallarının "ulduz"u sayılan orta sinif tədricən məhv olmaqdadır.
Aylıq gəlirləri ölkə miqyasındakı orta statistik səviyyənin 67 faizindən 200 faizinədək olan ailələr ABŞ-da "orta sinif" sayılır.
Onların sayı bütün ştatlarda azalmaqla yanaşı, orta aylıq gəlirlərin səviyyəsində də geriləmə qeydə alınıb.


Ən ağır vəziyyət Viskonsin, Ohayo, Şimali Dakota, Nevada və Nyu-Meksiko ştatlarındadır.
Birləşmiş Ştatlarda orta sinfə mənsub insanların sayının azalması təəccüblü deyil. 2000-ci ildən bəri orta təbəqəyə mənsub insanların maaşları və aylıq gəlirləri ciddi şəkildə dəyişmədiyi halda varlıların gəlirləri sürətlə artıb. Üstəlik, təhsil, səhiyyə, ərzaq qiymətlərində sürətli bahalaşma müşahidə olunur.
2007-ci ildə ABŞ-da ipoteka "köpüyü" partlayaraq ağır böhrana səbəb olandan bəri amerikalıların tam əksəriyyəti üçün ev və mənzil almaq müşkül problemə çevrilib. Məhz bu səbəbdən orta təbəqəyə mənsub amerikalı ailələrin 67 faizi aylıq gəlirlərinin ən azı 30 faizini mənzil və ya ev haqqının ödənməsinə, kreditlərin verilməsinə xərcləmək məcburiyyətindədir.


Son 4 ildə ABŞ-da kirayədə yaşayanların sayının 17 faiz artdığını da nəzərə alsaq, orta təbəqənin azalması az qala labüd proses təsiri bağışlayır.
2008-2009-cu illərdəki fəlakətli resessiyadan bəri Ağ Ev varlı və yoxsul amerikalıların gəlirləri arasındakı uçurumun böyüməsini dayandıra bilməyib.
Əhalinin cəmi 1 faizini təşkil edən zəngin amerikalılar ölkədəki gəlirlərin artımındakı hər 1 dolların 95 sentinə yiyələniblər. 2009-cu ildə resessiya başa çatandan bəri milli gəlirin artımının 1/3 hissəsi ABŞ vətəndaşlarının 1 faizini təşkil edən ən varlı şəxslərin 0,7 faizinə bərabər olan 16 min ailənin ciblərinə axıb.


Ən keyfiyyətli və ən bahalı təhsil almış amerikalılar belə, maaşlarının azalması faktı ilə qarşılaşıblar. Hətta alimlər, universitet professorları da maaşlarından gileylənir, əmək haqlarının bundan sonra artacağına ümid etmirlər.
Yəni orta təbəqəyə mənsub amerikalıların maaşları hətta elmi ad və titulların indiyədək öz sahiblərini maliyyə kolliziyalarından qoruduğu sahələrdə də azalır.
Amerikalılar istehza ilə deyirlər ki, hətta ən məşhur və nüfuzlu universitetlərin diplomu da sahibinə işsizlikdən qorunmaq əminliyi vermir.
Orxan Hun
Milli.Az