Bakı, 30 mart, AZƏRTAC
Gürcüstana gəlmisinizsə, Mtsxeta gəzəcəyiniz yerlər arasında ön cərgədə olmalıdır, həm də ona görə ki, bu şəhər bilavasitə Tbilisinin yaxınlığında yerləşir. Gürcüstana mətbuat turunda ikinci məntəqə olmuş Mtsxeta şəhəri qayalıqlar, Araqvi və Kür çaylarının arasında yerləşir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və digər ölkələrin KİV-lərinin nümayəndələri mətbuat turu çərçivəsində Tbilisi, Mtsxeta, Qudauri, Borjomi və Batumidə olublar. Mətbuat turunda Azərbaycan Dövlət İnformasiya Agentliyini – AZƏRTAC-ı multimedia və videoxəbərlər şöbəsinin müxbiri təmsil edib.
Mtsxeta – Gürcüstanın ən qədim şəhərlərindən biridir, həmçinin onun ilk paytaxtıdır. XX əsrin ortalarınadək Mtsxeta şəhər adlandırılmırdı, yalnız 1956-cı ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi. Mtsxetanın əsas görməli yerləri Svetitsxoveli məbədi, dağın başında yerləşən Cvari monastırı və Bebristsixe qalasının xarabalıqlarıdır.
Gürcüstan Milli Turizm Administrasiyasının nümayəndəsi Temuri Maçaraşvili bildirib ki, Mtsxeta və onun ətrafı YUNESCO-nun Dünya irsi siyahısına daxil edilib.
Mtsxeta ilə tanışlıq məşhur Cvari məbədindən başlayıb, belə ki, məbədin yanındakı tamaşa meydançasından – hündürlükdən Svetitsxoveli kilsəsinə və şəhərə tamaşa etməyə dəyər. Monastır sıldırım qayalığın kənarındadır. T.Maçaraşvilinin dediyinə görə, gürcü çarı məbədi Müqəddəs Ninonun ucaltdığı xaçın yerində tikib. Cvari məbədinin adının tərcüməsi də elə “xaç” deməkdir. Yeri gəlmişkən deyək ki, Lermontovun “Mtsıri” əsərinin baş qəhrəmanı məhz Cvaridə böyüyüb. Yadınızdadır: “Bir neçə il bundan əvvəl Araqva və Kür çaylarının sularının iki bacı kimi bir-birinə qovuşub sarmaşdığı yerdə monastır olub”. Burada tamaşa meydançasından Mtsxetanın özünün və Lermontovun təsvir etdiyi bir-birinə qovuşan iki çayın gözoxşayan mənzərəsi açılır.
Mtsxeta şəhərinin özündə üç əsas əlamətdar yer var: Samtavro monastırı, Svetitsxoveli kilsəsi və Bebristsixe qalası. Mtsxeta Gürcüstanin ürəyidirsə, şəhərin qəlbi Svetitsxoveli kilsəsidir. O, dövlətin IV əsrdə tikilmiş ilk xristian kilsəsi olan Müqəddəs Sidoniyanın yerində 11-ci əsrdə ucaldılıb.
“Svetitsxoveli” sözünün gürcü dilindən tərcüməsi “can verən sütun” deməkdir və o, minilliklər boyu Gürcüstanın başlıca məbədi olub. Gürcüstan pravoslav kilsəsinin əsas mərasimləri, o cümlədən Katolikos-Patriarxın taxt-taca gəlməsi ayini bu gün də məhz bu məbəddə keçirilir.
Kilsədə mehrabın qarşısında gürcü çarları – Tbilisinin banisi Vaxtanq Qorqasali, Kaxetiya hökmdarı – Baqrationlar sülaləsindən olan I İrakli dəfn olunublar. Kilsədən Mtsxetanın mərkəzinə gedib gəzmək olar. Burada sanki qədim zamanlara qayıdırsan: evlərin hamısının damları kirəmitlə örtülüb, fasadları, çəpərləri eynidir, yollara daş döşənib.
Bir sözlə, Mtsxetada olmadan Gürcüstanı tanımaq və onun tarixinə bələd olmaq mümkün deyil.

Kamilla Əliyeva
AZƏRTAC-ın müxbiri
Bakı