A.Paşazadə deyib ki, bu, bizim üçün çox vacib məsələdir, bir vətəndaş məsələsidir: "Molla məsələsi deyil. Kimin qeyrəti, namusu varsa, vətəndaşdırsa, azərbaycanlıdırsa, türkdürsə, vicdanı varsa, soyqırım məsələsinə öz münasibətini bildirməlidir.
Mən hələ sovet dövründə şeyx olanda bizə Türkiyəyə getməyə qoymurdular. İrana, Səudiyyə Ərəbistanına getmək olardı, amma Türkiyəyə yox. Bizim Türkiyə ilə əlaqələrimiz yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra yarandı. Türkiyədən, türklərin birliyindən qorxurdular. Bu gün də qorxurlar. Bu gün də çalışırlar ki, aramızda nifaq yaratsınlar. Biz buna gedən deyilik. Biri o birini şiə adlandırır, o biri sünni adlandırır. Bunlar bizi bir-birimizdən ayırmaq deməkdir. Bu, siyasətdir. Biz məzhəb ayrı-seçkiliyi edən deyilik. Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bunu bilin, bir daha deyirəm, mənə inanıblar ki, bura seçilmişəm, kim əgər sünni-şiəlik etsə, məzhəb ayrıseçkiliyi eləsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam. Hamımız Vətənə xidmət, Allaha ibadət etməliyik.
Sünni məzhəbinin özündə də bəzi təfriqələr var. Bunlar olmamalıydı. Hətta şiələrin də içində təfriqə yaradılıb və yaradılır. Amma biz buna gedən deyilik. Bəzən adamlar xülyalarla yaşayırlar ki, burada onlar üçün yer tapılacaq, onlar üçün imkanlar yaranacaq və onlar gələcəkdə nəyəsə nail olacaqlar. Mən sizin inandırım ki, siz də inanın ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Biz radikalizmin kökünü kəsəcəyik".
Şeyx həmçinin xatırladıb ki, Ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndə qarşı koalisiya yaratdı.
Milli.Az