[ 30 Mart 2015 13:22 ]



Bakı - APA. Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, Milli Qəhrəman, mayor Anatoli Davidoviçin 50 illik yubiley tədbirləri keçirilir.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Zakir Həsənovun əmrinə əsasən yubiley tədbirlərinin təşkili ilə əlaqədar nazirliyin nümayəndəsi Belarusun Slutsk şəhərinə ezam edilib. Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani öncə şəhər mərkəzi xəstəxanasına gedərək bir ay əvvəl ürəyində açıq cərrahiyə əməliyyatı aparılmış şəhidin anası Kima Andreyevna ilə görüşüb, ona Müdafiə Nazirliyinin yubiley töhfəsini çatdırıb. Bundan başqa, ona "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalı redaksiya heyətinin təsis etdiyi "Mehriban ana" medalı təqdim edilib. K. Andreyevna növbəti dəfə diqqətdən kənarda qalmadığı, övladının unudulmadığı və xatirəsinin əziz tutulduğu üçün bir daha Azərbaycan xalqına minnətdarlığını bildirib.

 

Martın 28-də Müdafiə Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Milli Qəhrəmanın 50 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Əvvəlcə tədbir iştirakçıları şəhər qəbiristanlığına gedərək qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Anım mərasimini açan polkovnik Abdulla Qurbani qəhrəmanın keçdiyi qısa, lakin mənalı ömür yolundan danışaraq bildirib ki, A. Davidoviç 50 il öncə Minsk vilayətinin Kopolskiy rayonunun Skobin kəndində anadan olub. Sonra ailələri ilə birlikdə Slutski şəhərinə köçən Anatoli burada S. F. Rubanov adına orta məktəbi bitirib, Ukraynadakı Sum Ali Artilleriya Məktəbində təhsil alıb, SSRİ-nin Almaniyadakı qoşun qrupunda tağım komandiri kimi xidmətə başlayıb.

 

1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsinə - Gəncə şəhərinə göndərilmiş gənc zabit burada artilleriya hərbi hissələrindən birində xidmətini davam etdirib. Xocalı faciəsindən sonra isə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə daxil olub. Azərbaycan müdafiə nazirinin əmri ilə ona mayor hərbi rütbəsi verilb, artilleriya hissələrindən birinə qərargah rəisi təyin edilib. Milli artilleriyaçı kadrların hazırlanmasında səylərini əsirgəməyən mayor A. Davidoviç tabeliyindəki şəxsi heyətlə birlikdə mütəmadi olaraq Tərtər, Ağdam, Goranboy və Füzuli bölgələrində döyüş tapşırıqlarını yerinə yetirib. 1992-ci ilin iyun ayında Ağdam bölgəsində qanlı döyüşlər gedərkən o, xüsusi qəhrəmanlıq nümunələri göstərərək düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itkilər verilməsinə nail olub. Lakin döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış mayor A. Davidoviç vaxtında ilk yardım göstərilməsinə, helikopterlə Bakıdakı hərbi hospitala çatdırılmasına baxmayaraq, həlak olub. Ölümündən az sonra, 1992-ci il iyulun 3-də, Belarus Respublikasının müstəqilliyi günündə mayor A. Davidoviçə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

 

Slutsk şəhər İcraiyyə Komitəsi sədrinin müavini Larisa Georgiyevna Dobrovolskaya anım mərasimində çıxış edərək Azərbaycan və Belarus xalqlarının dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndiyindən söhbət açıb, azərbaycanlıların Böyük Vətən müharibəsi illərində Belarusun faşist işğalçılarından azad edilməsində müstəsna xidmətlərini qeyd edib, azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının adlarını iftixar hissilə çəkib və bildirib ki, Azərbaycan xalqı Belarusdan olan qəhrəmanını unutmadığı kimi, belaruslar da bu torpaqlar uğrunda həlak olan yüzlərlə azərbaycanlı döyüşçünün xatirəsini həmişə əziz tutur.

 

Uzun illərdir ki, Belarus Respublikasında yaşayan azərbaycanlı ziyalılar - Belarus Azərbaycan İcmaları Konqresinin fəalları İlham Hacıyev, Mirəli Mirəliyev, Elman Mahmudov, Zaur Tərlanov çıxışlarında şəhidin ailəsi ilə daim əlaqə saxladıqlarını, onların problemlərinin həlli istiqamətində həmişə yardımçı olduqlarını vurğulayıblar.

 

Xəstəxanadan birbaşa anım mərasiminə gəlmiş şəhid anası Kima Andreyevna burada da Azərbaycan rəhbərliyinə, Azərbaycan xalqına, tədbirin təşkilatçılarına oğlunun 50 illik yubileyini yüksək səviyyədə keçirdiklərinə görə bir daha dərin təşəkkürünü bildirib.

 

Tədbirdə məlumat verilib ki, bu yaxınlarda Gəncə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin mərkəzi küçələrindən birinə mayor Davidoviçin adı verilib. Bir neçə gündən sonra həmin küçənin başlanğıcındakı binaya qəhrəmanın barelyefi vurulacaq, küçənin təntənəli açılışı olacaq, Milli Qəhrəmanın 4 il yaşadığı və xidmət etdiyi Gəncə şəhərində yubiley mərasimi keçiriləcək. Həmin yubiley tədbirinə dəvəti Davidoviçlər ailəsi onlara göstərilən diqqət və qayğının daha yeni bir təzahürü kimi qiymətləndiriblər.

 

Qeyd edək ki, tədbirdən sonra Milli Qəhrəmana həsr olunmuş "Belarus oğlu, Azərbaycan qəhrəmanı" sənədli filminin son kadrları da çəkilib və müsahibələr alınıb.