[ 30 Mart 2015 11:45 ]
Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə qeyd olunub ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17.00-da başa çatıb. Jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni martın 31-də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək. Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında dərc edilib və TQDK-nın internet saytında yerləşdirilib.
2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015 ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün mart ayının 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli idilər. Həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimliyi, həmçinin kompüter mühəndisliyi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da var. Bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.