Gədəbəy, 29 mart, AZƏRTAC
Gədəbəydə abonentlərə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə yenidənqurma işləri davam etdirilir. Artıq rayonda fəaliyyət göstərən 18 ATS fiberoptik kabellə təmin olunub.
Rayon telekommunikasiya qovşağının rəisi Elşad Bayramov AZƏRTAC-a deyib ki, hazırda 1 mərkəzi və 22 kənd ATS-i 5651 abonentə rabitə xidməti göstərir. Son üç ildə həyata keçirilən tədbirlər nəticəsində 22 kənd ATS-indən 18-də köhnə kabellər fiberoptik kabellərlə əvəzlənib ki, bu da həmin kəndlərdə yaşayan abonentlərə keyfiyyətli rabitə xidməti göstərilməsi ilə yanaşı, genişzolaqlı internetdən istifadəyə geniş imkan yaradıb.
Telekommunikasiya idarəsinin rəisi onu da əlavə edib ki, bu günlərdə rayonun Xarxar və Düzyurd kəndlərində yeni elektron ATS-lərin istifadəyə verilməsi gözlənilir.