[ 29 Mart 2015 12:21 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn aydan növbəti əmək yarmarkalarının keçirilməsinə başlayacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, il ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.
Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjalarının iştirakı da təmin ediləcək.
Bununla yanaşı, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və səmərəli məşğulluğunun təminatı məqsədilə ölkəmizin ali təhsil müəssisələrində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılır.