Yayda heyətini gücləndirmək niyyətində olan "Qalatasaray" transfer çalışmalarına indidən başlayıb.

ANS PRESS-in məlumatına görə, İstanbul klubunun heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib.

Məlumata görə, "Qalatasaray" "Yuventus"un futbolçusu Martin Kakeresi hədəfə alıb. Uruqvaylı müdafiəçinin Türkiyəyə gəlmək ehtimalı böyükdü.

Qeyd edək ki, 2009/10 və 2011/12 mövsümlərində "Yuventus"da icarə əsasında çıхış edən Kakeres 2012-ci ildə bu komandaya transfer olunub (105 oyun, 7 qol). Bu müddətdə o, 3 dəfə İtaliya çempionu, 2 dəfə ölkə Superkubokunun qalibi olub.

Amerikalı futbolçu əvvəllər Uruqvayın "Defensor", İspaniyanın "Vilyarreal", "Rekreativo", "Barselona" və "Sevilya" klublarında çıхış edib. O, "Barselona"nın heyətində İspaniya çempionluğunu, kubokunu və Çempionlar Liqasını qazanıb.

Kakeres 2007-ci ildən çağırıldığı Uruqvay millisində 63 oyun keçirib və 1 qol vurub.
Mənbə
ANS PRESS