Paris, 25 mart, AZƏRTAC
Azərbaycan dövləti dünyada nadir ölkələrdəndir ki, mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir və Azərbaycan Prezidenti dünyada nadir ölkə rəhbərlərindəndir ki, müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına bilavasitə dəstək və töhfələr verir.
Bu fikri martın 24-25-də Parisdə UNESCO-nun mənzil iqamətgahında keçirilən Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik (2013-2022) Toplantıda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərin dialoqu üçün Bakı Prosesi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə çıxışı zamanı səsləndirib.
V.Eyvazzadə bildirib ki, Azərbaycan öz multikultural tarixi və birgəyaşama ənənələri ilə dünyada nümunəvi ölkədir. “Biz bu mədəniyyətimizi həm daxili, həm də beynəlxalq siyasətimizdə daim nəzərə alır və qlobal səviyyədə təbliğ edirik. Belə ki, Azərbaycan dövləti öz iqtisadi resurslarını tək özü üçün deyil, eləcə də ümumbəşəri dəyərlərin qorunması və inkişafına töhfə vermək üçün istifadə edir. Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə iki ildə bir dəfə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dünya Dini Liderlərinin Bakı Sammiti, Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mədəniyyət layihələri kimi təşəbbüslər bu xoşməramlı fəaliyyətin tərkib hissəsidir”, - deyə o qeyd edib.
Cari il mayın 18-19-da Prezident İlham Əliyevin himayəsi ilə “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Prosesi barədə təqdimatın sonunda tədbir iştirakçıları Bakıya dəvət olunub.
İki gün davam edən toplantının əsas məqsədi mədəniyyətlərin yaxınlaşmasına sistematik yanaşmanın təmin edilməsi, orta və uzunmüddətli onillik üçün strategiyaların müəyyənləşdirilməsindən ibarət idi.
Tədbirdə UNESCO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini xanım Nada Əl-Nəşif ekstremizmin artdığı müasir dünyada mədəniyyətlərin yaxınlaşması və dialoqunun təşviq edilməsi üçün sistemli fəaliyyətlərin və çoxsaylı təşəbbüslərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb. Mədəniyyətlərin yaxınlaşması proqramının həmmüəlliflərindən olan Qazaxıstanın UNESCO yanında Daimi nümayəndəsi səfir Nurlan Danenov çıxış edərək mədəniyyətlərarası əməkdaşlığın vacibliyini qeyd edib və proqramın bu istiqamətdə mühüm rola malik olduğunu, eləcə də Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun belə təşəbbüslərin təbliği və təşviqi üçün geniş imkanlar yaradacağını bildirib.
Toplantıda BMT, EKOSOS, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO-nun bir sıra ölkələrdə Mərkəzlərinin rəhbərləri, həmçinin, antropologiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, qloballaşma, konfliktologiya sahələrində alim və mütəxəsislər çıxış ediblər.
Tədbir çərçivəsində V.Eyvazzadə Nada Əl-Nəşif, UNESCO-nun Sosial transformasiya və mədəniyyətlərarası dialoq direktorluğunun rəhbəri Dendev Badarş və digər iştirakçılarla Bakı forumu və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq ilə bağlı ikitərəfli müzakirələr aparıb.
Tədbirdə və keçirilən görüşlərdə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları da iştirak edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
