Anspress yazır ki, 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olub. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilib. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazıb. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab senzuradan keçməyib, şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub. Bu dəfə o, Türkmənistana sürgün edilib. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışıb. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlib ki, "A.İldırım ideologiyamız üçün zərərli bir insandır..." Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışıb. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Milli.Az