Boliviyadan olan  10 yaşlı bir uşaq Dünya Bankında konsert verib. Uşağın  yaşının az olması bir yana, onun gözləri də görmür.

Milli.Az atv.az-a istinadən bildirir ki, fiziki qüsuruna baxmayaraq musiqi əsərlərini, çətin caz improvizasiyalarını qüsursuz ifa edən uşaq, indidən musiqi dünyasının dahiləri sırasındadır. 10-cu doğum gününü konsert zalında qeyd edən Xose ən yaxşı təbriki də tamaşaçıların onu ayaqüstə alqışlaması ilə qazanıb.

Əlbəttə, uşaqlar arasında  pianoda gözəl musiqi əsərləri ifa edənlər var. Xoseni onlardan fərqləndirən isə bu uşağın gözlərinin görməməsidir. Görmə qabiliyyətindən məhrum olsa da, çətin musiqi alətlərini təhrifsiz ifa edən boliviyalının gələcəyi görə bilmədiyi gün işığı qədər parlaqdır.

Nə qədər qəribə səslənsə də, Xose  hələ 5  yaşında olarkən musiqi triosu qurmağa müvəffəq olub. İndi onun öz azarkeş ordusu, musiqi ilə xitab etdiyi geniş auditoriyası var.

Peşəkar musiqi karyerası onun uşaqlığını da bir balaca əlindən alıb.  Həmyaşıdları məktəblərdə nəğmə dərsindən qaçmağa çalışdığı halda, bu uşaq məktəb dərsləri ilə yanaşı, konsert proqramları haqqında fikirləşir, bunun üçün çoxlu məşq edir. Heç kimin əziyyəti isə bəhrəsiz qalmır. Təsadüfi deyil ki,  10 yaşlı uşaq gözləri görməsə belə, Dünya Bankında konsert verməyə müvəffəq olub.



Milli.Az