Bakı, 22 mart, AZƏRTAC
İsraildəki Azərbaycan icması da təbiətin oyanışını, baharın gəlişini Novruz bayramı ilə qeyd edir.
Novruz bu ölkədəki Azərbaycan icması üçün ən əziz bayramdır. Qədim adət-ənənələri qoruyub saxlayan icma Azərbaycanın milli identikliyinin rəmzinə çevrilmiş bahar bayramını hər il təntənə ilə qeyd edir.
Bu yaxınlarda yaradılmış “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının kollektivi martın 21-də Novruz bayramına həsr edilən yeni proqramını tamaşaçılara təqdim edib. Həmin gün Netaniya şəhərindəki Mədəniyyət Evi əsl azərbaycançılıq, İsraildə yaşayan azərbaycanlıların həmrəyliyi mərkəzi idi. Burada əsl bayram ab-havası var idi.
Bayram tədbirinin əsas təşəbbüskarı və təşkilatçısı, “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri, rejissor Səadət Şükürova Novruz ənənələrindən danışıb. Qeyd edib ki, Novruz bayramının qeyd edilməsi Azərbaycan xalqının çox gözəl ənənələrindən biridir. Novruz yaz bayramı, yeni ilin gəlişi deməkdir.
Beynəlxalq münasibətlər üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut bayram tədbirində çıxış edərək Novruzun İsraildə qeyd edilməsinin əhəmiyyətini vurğulayıb. O deyib ki, öz qədimliyi və heyrətamiz gözəlliyi, dərin mənası və məzmunu ilə seçilən Novruz bayramı Azərbaycan xalqının bənzərsiz mentalitetini əks etdirir. Məhz bu səbəbdən həmin bayram hər evdə, hər ailədə dirçəliş və həyatın yenilənməsi rəmzi kimi, açıq ürəklə və ən saf arzularla qeyd olunur. A.Qut “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının gənc aktyorlarını - Sara, Sadıq və Fuad Mirzəyevləri, Aynur, İlkin, Nurlan və Vüsalə Hidayətovları, Könül Əliyevanı, Araz Mirzəyevi, Əli Əliyevi, Eldar və Nuranə Babayevləri, Rəşid Vəliyevi, həmçinin bu bayram axşamının təşkilində yorulmadan çalışan bədii rəhbər Səadət Şükürovanı dəstəkləmək üçün bu tədbirə gələn hər kəsə təşəkkür edib. O, adlarını çəkdiyi insanların əsl vətənpərvər olduqlarını, Novruz axşamını ən yüksək səviyyədə təşkil etdiklərini söyləyib.
Qonaqlar “Odlar Yurdu” İsrail-Azərbaycan teatr truppasının ifasında Azərbaycan xalq musiqilərini dinləyib, rəqslərə tamaşa ediblər. Onlar, həmçinin zəngin Azərbaycan mətbəxinin təamlarını dadıblar.
Bayram axşamının qonaqları tədbirin yüksək səviyyədə keçdiyini, özlərini doğma Azərbaycandakı kimi hiss etdiklərini bildiriblər.