- Millimiz Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində ikinci oyununda Danimarkanı böyük hesabla məğlub etdi. Çətin keçən birinci hissə ilə müqayisədə fərqli ikinci hissə gördük. Fasilədə baş məşqçi nəyi dəyişdi?
- Qələbəni erkən qazanmaq istəyirdik. Əsas rəqibimiz olan Ukrayna yığması bizdən əvvəl böyükhesablı qələbə qazanmışdı. Bu istəyimiz özümüzə çətinlik yaratdı. Həyəcan işimizə mane oldu. 8-9 epizodda qol vurmağa yaxın olsaq da, çətin olanı edirdik. İkinci hissədə daha sakit oynamağa çalışdıq. Bu da bəhrəsini verdi.
- Baş məşqçi konkret olaraq, hansı tapşırıqları vermişdi?
- Onun taktikası özünü doğrultdu. Tino bizi məsuliyyətli olmağı, ani ötürmələrlə oyunu meydanın rəqibə aid hissəsinə daşımağı tapşırdı. Buna görə də qol epizodlarını sağa-sola xərcləmədik. Bu dəfə istəyimizə nail olduq. İndi bizi Ukrayna ilə daha çətin sınaq gözləyir.
- Maraqlıdı ki, Belçika ilə ilk oyunun birinci yarısında 3 qol vurduğunuz halda, fasilədən sonra “çərçivə”yə düşə bilməmişdiniz...
- Çünki Belçika da qrupunun favoritlərindən hesab edilirdi. Onlar ən azı ikinci pilləni tutmağa ümid edirdilər. Bizə əsas rəqib onlar idi. Bakıya elə-belə gəlməmişdilər. Ehtiyatlı oynamaq lazım idi.
- Bəs Belçikanın Ukraynaya böyük hesabla uduzacağını necə, gözləyirdizmi?
- Belçika öz səhvləri üzündən böyük hesabla yenildi. Hesabda 2:1 öndə olsalar da, sonradan bu üstünlüyü qoruya bilmədilər.
- Ukrayna ilə keçiriləcək həlledici matç haqda nə düşünürsüz?
- Rəqibin iki oyununa baxmışıq, müəyyən təhlil aparmışıq. Baş məşqçi tapşırıqlarını verəcək. Biz yüz faizlik nəticə ilə mərhələ adlamaq istəyirik.
- Ukraynanın əsas gücü nədədi?
- Onlar hücumda dəqiq oynayırlar. Yaratdıqları qol epizodlarından maksimum istifadə edirlər. 2-3 imkanları olanda da hamısını reallaşdırırlar. Taktiki tapşırıqlarla onları üstələməyə çalışacağıq.
- Topların nisbəti yığmamızın xeyrinədi. Bu, meydana heç-heçə üçün çıxmağa əsas verirmi?
- Bizə heç-heçə sərf edir. Amma meydana bu məqsədlə çıxmaq olmaz. Heç-heçə üçün çıxsaq, uduzarıq. Həm də öz meydanımızda oynayırıq, güclü azarkeş dəstəyimiz olacaq. Yeri gəlmişkən, Ukrayna yığması dəfələrlə burda yarışlara qatılıb. Bir sözlə, onlar da zala öyrəşiblər.
- Tino Peres yerlilərlə legionerlərin vəhdətini yaratmağa çalışır. Sizcə, bu alınırmı?
- Gənclərə üstünlük verilməlidi. 4 futzalçımız artıq yaşlaşır. Onları əvəz edən qüvvəyə ehtiyac var. Gənclər də özlərini yaxşı tərəfdən göstərirlər. Məncə, yeni nəsil yetişir.
Milli.Az