Vyana, 20 mart, AZƏRTAC
Martın 20-də Azərbaycan Respublikasının Vyanadakı səfirliyi tərəfindən ARDNŞ-ın Vyanadakı nümayəndəliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilov açaraq tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Səfir Novruz bayramının bir sıra xalqlar, o cümlədən Azərbaycan xalqı tərəfindən ənənəvi olaraq təntənəli şəkildə qeyd olunduğunu bildirib, bu bayramın xalqımız tərəfindən ta qədimlərdən bu günədək qorunub saxlandığını və xüsusi təmtəraqla qeyd edildiyini diqqətə çatdırıb.
Diplomat daha sonra Azərbaycanın bu gün Novruz bayramını müstəqil dövlət kimi qeyd etdiyini vurğulayaraq müstəqilliyimizin bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılandığını və bu qüvvələrin ölkəmiz tərəfindən təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən Birinci Avropa Oyunları ərəfəsində xüsusilə fəallaşdığını söyləyib. Buna baxmayaraq hazırlıq işləri yüksək səviyyədə aparılan Birinci Avropa Oyunlarında 6 mindən artıq idmançının öz gücünü sınayacağını bildirən Q. İsrafilov hamını bu möhtəşəm tədbirdə iştirak etməyə və Azərbaycanın idman, mədəniyyət və milli ənənələri ilə yaxından tanış olmağa dəvət edib.
Daha sonra tədbir iştirakçılarına Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim edilib və ölkəmizin milli mətbəxinin ləziz təamlarından və bayram şirniyyatlarından ibarət ziyafət verilib.
Tədbirdə Vyanada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların, beyin mərkəzlərinin, KİV-lərin, Azərbaycan və türk diasporasının nümayəndələri iştirak ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana


