Bakı, 21 mart, AZƏRTAC
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 21-dən 27-dək Şanlıurfa şəhərində beynəlxalq simpozium keçiriləcək. Simpozium 2014-cü il ərzində aparılan arxeoloji işlər və muzeyşünaslıq sahəsində əldə olunmuş aktual təcrübə və nailiyyətlərə həsr olunub. Muzey rəhbərləri, arxeoloqlar və TÜRKSOY-a üzv ölkələrinin nümayəndələrinin simpoziumda iştirakı hər il ənənə halını alıb.
Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin tərkibində fəaliyyət göstərən Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilki simpoziumda Azərbaycan və Başqırdıstanın nümayəndələri çıxış edəcəklər.